M.Ə.Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş “Tarixin bir səhifəsi” adlı tədbir-sərgi təşkil olunub

M.Ə.Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş “Tarixin bir səhifəsi” adlı tədbir-sərgi təşkil olunub

Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı tədbir-sərgi təşkil olunub. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Dövlər İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, tarixçi Ədalət Tahirzadə, BDU-nun dosenti, tarix elmləri namizədi Nəsiman Yaqublu, M.Ə.Rəsulzadənin nəvəsi rəssam Rəis Rəsulzadə, Milliyətçi Gənclər Təşkilatının üzvü Elşən İsmayılov, Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri, tələbələr, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri ilk olaraq Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi açaraq M.Ə.Rəsulzadənin Azərbaycan Cümhurityyətini yaradan şəxs olduğunu diqqətə çatdırıb: "Bu gün biz M.Ə.Rəsulzadənin fotolarından ibarət sərgi təqdim edəcəyik. Bu şəkillərin təşkilinə görə, Ədalət Tahirzadəyə dərin təşəkkürümü bildirirəm".

Tarixçi Ədalət Tahirzadə çıxış edərək M.Ə.Rəsulzadənin haqqının özünə qaytarıldığını dilə gətirib: "Sevinirəm ki, görkəmli şəxsiyyətin doğum günü dövlət səviyyəsində qeyd olunur. İstərdim ki, Üzeyir Hacıbəyovun adı yenidən Konservatoriyaya qaytarıldığı kimi, M.Ə.Rəsulzadənin də adı BDU-ya qaytarılsın, kitablarını dövlətimiz nəşr etsin. Milli ordumuz, əsgərlərimiz, sərhədimiz, ən əsası müstəqilliyimiz var. M.Ə.Rəsulzadə də bunu arzulayırdı. Qoy, Azərbaycan yaşadıqca M.Ə.Rəsulzadə də yaşasın".

Daha sonra M.Ə.Rəsulzadənin nəvəsi rəssam Rəis Rəsulzadə söz alaraq babasının yubileyini dövlət səviyyəsində qeyd olunmasından qürur duyduğunu söyləyib: "İlk əvvəl tədbirə gələn hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bizlər hər zaman tariximizi yaşatmalı və mükəmməl öyrənməliyik ki, gənc nəsillərə də düzgün informasiya çatdıra bilək. Sevinirəm ki, bu cür yubileylər ölkəmizdən kənarda Türkiyə, Rusiya və başqa yerlərdə də keçirilir".

Qeyd edək ki, sonda M.Ə.Rəsulzadəyə həsr olunan video çarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə