Azərbaycanla Macarıstan arasında mədəniyyət və turizm əlaqələri müzakirə olunub

Azərbaycanla Macarıstan arasında mədəniyyət və turizm əlaqələri müzakirə olunub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyatronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, qonaqları salamlayan Nazir son illər ölkələrimiz arasında mədəni əlaqələr davamlı olaraq inkişaf etdiyini bildirib: "İnanıram ki, nümayəndə heyətinin Bakıya səfəri, bugünkü görüş və müzakirələrimiz ikitərəfli mədəniyyət və turizm əlaqələrinə, yeni razılaşmaların əldə olunmasına zəmin yaradacaq".
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın həmsədri Peter Siyatro səmimi qarşılanmaya görə Nazirə təşəkkürünü bildirərək bundan sonra da ikitərəfli əlaqələrin inkişafı, iki ölkənin mədəniyyətinin qarşılıqlı şəkildə tanıdılması üçün səylərin göstəriləcəyini qeyd edib.
O, həmçinin bildirib ki, iki ölkənin müvafiq qurumlarının səyi nəticəsində Bakı və Budapeşt arasında birbaşa aviareyslər təşkil edilib. Bu, əlaqələrin inkişafına mühüm zəmindir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Qeyd edək ki, görüşdə Macarıstan Baş naziri idarəsinin xarici iqtisadi əlaqələr üzrə dövlət katibinin müavini Zuzanna Horvat, Kabinet rəhbəri Silard Benko, Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jolt Cutora, Macarıstann kənd təsərrüfat nazirinin müavini Gyula Budai, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, iqtisadiyyat və sənaye nazirinin müavini Məsim Məmmədov və başqa rəsmilər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə