Nazim Səmədovun başçılıq etdiyi nümayəndə heyəti Vilnüsdə səfərdə olub

Nazim Səmədovun başçılıq etdiyi nümayəndə heyəti Vilnüsdə səfərdə olub

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Avstriya və Litva ekspertlərinin koordinasiyası ilə həyata keçirilən "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin imkanlarının gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində 4-cü komponentin müzakirəsi ilə əlaqədar keçiriləcək görüşlərdə iştirak etmək məqsədilə Litvanın Vilnüs şəhərində səfərdə olub. SİA-nın məlumatına görə, səfər zamanı Avropa SPA Assosiasiyası, Druskininkay Turizm və Biznes İnformasiya Mərkəzi, Druskininkay Bələdiyyəsi, Litva Kənd Turizmi Assosiasiyası, Litva Respublikasının Ekologiya Nazirliyi və s. təşkilatların nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər zamanı Turizm Marketinqi sahəsində İT, balanslaşdırılmış kurort planlaşdırılması, Litva Respublikasında kənd turizmi və digər turizm növlərinin inkişaf tendensiyaları, turizmin inkişafında Kurort Assosiasiyalarının rolu və s. mövzularda müzakirələr aparılıb.

Qeyd edək ki, bununla yanaşı, Azərbaycanın nümayəndə heyəti ADVENTUR Beynəlxalq Turizm Sərgisini və Vilnüs Universitetini ziyarət etmiş, Litva Respublikasının iqtisadiyyat naziri və nazir müavini Raymonda Balnien, Druskininkay şəhər merinin müavini, Birştonas şəhərinin meri və Litva Kurortlar Assosiasiyasının prezidenti, Litva Turizm Palatasının və Litva Mehmanxana və Restoranlar Assosiasiyasının prezidentləri və turizm sahəsində digər vəzifəli şəxslərlə görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə