Almatıda MDB xalqlarının festivalı keçiriləcək

Almatıda MDB xalqlarının festivalı keçiriləcək

Fevralın 1-də Almatıda MDB ölkələri xalqlarının "Teltuma mədeniyyət-2014" ("Özünəməxsus mədəniyyət") festivalı başlanacaq. SİA-nın məlumatına görə, bir ay ərzində şənbə günləri, daha doğrusu, fevralın 1-də, 15-də və martın 1-də keçiriləcək festivalda 12 ölkə öz mədəniyyətini, tarixini, adət-ənənələrini, xalq sənətlərini nümayiş etdirəcək.
Festivalda MDB ölkələrinin – Azərbaycan, Belarus, Ukrayna, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Ermənistan və ən çoxsaylı respublika kimi Rusiya Federasiyasının tərkibinə daxil olan Tatarıstanın nümayəndələri iştirak edəcəklər.

Festivala gələnlər MDB ölkələrinin milli geyimləri, xalq sənəti nümunələri, məişət, bəzək əşyaları və əl işlərini görmək, ənənəvi oyunlarda və mərasimlərdə iştirak etmək, milli yeməklərindən dadmaq və bu ölkələr haqqında maraqlı faktlarla tanış olmaq imkanı əldə edəcəklər.

Tədbirlər eyni zamanda Almatı şəhərinin iki rayonunda keçiriləcək. Festivala gələnlər Azərbaycan və Qırğızıstan mədəniyyəti ilə martın 1-də Alatau rayonunun akimlik binasının qarşısındakı meydanda tanış ola biləcəklər.
2013-cü ilin oktyabrında Minskdə MDB Dövlət Başçıları Şurası 2014-cü ildə Almatının MDB-nin mədəniyyət paytaxtı olması barədə qərar qəbul edib.

Qeyd edək ki, "Birliyin mədəniyyət paytaxtları" dövlətlərarası proqramı hər il MDB dövlətlərinin yaradıcı resurslarının Birliyə üzv dövlətlərin "Birliyin mədəniyyət paytaxtı" statusunu almış qeyri-paytaxt şəhərlərində cəmləşməsini, bu zəmində zəngin və rəngarəng mədəni və humanitar tədbirlər palitrasının yaradılmasını nəzərdə tutur.

MDB ölkələrinin mədəniyyət ilinin rəsmi açılışı fevral ayının ortalarında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə