Ötən gün Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə "Türk musiqi axşamı" keçirilib. SİA-nın məlumatına görə, "Bir millət, iki dövlət" devizi altında baş tutan konsertdə Millət vəkili Qənirə Paşayeva, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun, Bakı Musiqi Akademiyasının tələbə və doktorantları, Türkiyənin tanınmış sənətçiləri, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri ilk olaraq Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli açaraq belə mötəşəm gecənin keçirilidiyinə sevindiyini bildirib: "Azərbaycanla Türkiyə qardaşlığı əbədidir. Bunu gənc nəslimizə də göstərməliyik. Belə gecələrin keçirilməsi hər iki ölkədə çox müsbət qarşılanır. 1918-ci ildə erməni faşistlərinin ölkəmizdə törətdiyi qırğın da unudulmayıb. Bakını belə ağır hadisədən Nuru paşa qurtarıb. Əgər Nuru paşanın ordusu Azərbaycana gəlməsəydi, bəlkə də Bakıda bir tək azərbaycanlı qalmazdı. Ona görə də istərdim ki, paytaxtımızda Nuru paşanın heykəli ucaldılsın. Türkiyə-Azərbayan dostluğu və qardaşlığı hər zaman olub və olacaq".
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun da çıxış edərək azərbaycanlıların hər zaman türklərin qəlbində olduğunu diqqətə çatdırıb: "İlk öncə mən hər iki dövləti 2014-cü il münasibəti ilə təbrik edir, işlərində uğur və müvəffəqiyyət arzulayıram. Biz çalışmalıyıq ki, Türkiyə-Azərbaycan qardaşlığını bütün dünyaya nümayiş etdirək. Demək olar ki, artıq çox dövlətlərə bu məlumdur. Amma yenə də birgə təbliğ etməyi unutmamalıyıq".
Daha sonra Millət vəkili Qənirə Paşayeva bu günü təşkil edənlərə dərin minnətdarlığını bildirib: "Əminəm ki, sənətçilər bu gün bizlərə gözəl gecə yaşadacaqlar. Bu da "Bir millət, iki dövlət" devizini bir daha sübut edəcək. Bu günü dəyərli şəhidlərimizə də həsr edirik. Çünki onların tökülən qanları naminə bizlər azad ölkədə yaşayırıq. Onu da deyim ki, hər iki dövlət heç bir zaman bir-birilərini çətin məqamlarda tək qoymayıblar. Xüsusilə diqqətinizə çatdırım ki, mədəniyyət insanları birləşdirən vacib faktorlardan biridir. Ən böyük arzum isə belə gecələrin Qarabağ torpaqlarında keçirilməsidir. Əminəm ki, tezliklə bu arzumuza da nail olacağıq".
İki saata yaxın davam edən tədbirdə ifaçıların repertuarından seçilmiş musiqi parçaları, sevilən türk xalq, türk sənət və estrada, eləcə də Azərbaycan musiqisinin nümunələri səsləndirilib. Gecənin ən çox bəyənilən iştirakçısı isə Hüsnü Şənləndirici olub. O, qonaqları ifası və maraqlı söhbətləri ilə heyran edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB