Teatrlar 20 Yanvar faciəsinə hansı tamaşaları təqdim edəcək

Teatrlar 20 Yanvar faciəsinə hansı tamaşaları təqdim edəcək

Artıq teatrlar da 20 Yanvar faciəsinə həsr olunmuş tamaşaları təqdim etməyə hazırlaşır. Teatrlardan SİA-ya verilən məlumata görə, xalqımızın qan yaddaşına yazılan bu gecə heç bir zaman unudulmayacaq.

Belə ki, 19 yanvar saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Mənim ağ göyərçinim" tamaşası nümayiş olunacaq. Pyesin müəllifi yazıçı-dramaturq Tamara Vəliyevadır. 1990 -cı il 20 yanvar hadisələrinin qurbanlarına həsr olunmuş bu iki pərdəli məhəbbət dramının rejissoru teatrın baş rejissoru Cənnət Səlimovadır. Baş rolları əməkdar artistlər Rafiq Hüseynov və Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Günel Məmmədov, Mirzə Ağa Mirzəyev, Eşqin Quliyev, Sona Babayeva və başqaları ifa edirlər.

17 yanvar 19:00-da Kamera və Orqan musiqi Zalında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr edilmiş konsert keçiriləcək. Konsertdə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrı çıxış edəcək. Bədii rəhbər və baş dirijor xalq artisti Teymur Göyçayev. Solistlər Respublikanın əməkdar artisi Anar Şuşalı (tenor), beynəlxalq müsabiqələr laureatı Lalə Mürşüdlü (violençel) və Ümidə Abbasova (skripka). Proqramda Fikrət Əmirovun və Akşin Əlizadənin əsərləri səsləndiriləcək.

Dövlət Pantomima Teatrı yanvarın 19-u saat 18:00-da "Unutmayaq" adlı tamaşanı təqdim edəcək. Tamaşa əməkdar incəsənət xadimi B. Xanızadənin əsəri əsasında səhnələşdirilib. Rejissor və rəssam Bəxtiyar Əhmədlidir.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının istehsalı olan "Fəryad" filminə Nizami Kino Mərkəzində tamaşaçılar yanvarın 16-dan 22-dək hər gün saat 12:20-dən etibarən pulsuz baxa bilərlər. Ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissor və baş rolun ifaçısı mərhum Ceyhun Mirzəyev olan bu ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

19 yanvar saat 19:00-da Azərbaycan Milli Dram Teatrında İlyas Əfəndiyevin "Hökümdar və qızı" əsəri əsasında səhnələşdirilmiş "Qarabağnamə" tamaşasının premyerası olacaq. Pyesin quruluşçu-rejissoru -Mərahim Fərzəlibəyov, baş rollarda İlham Əsgərov, Məsmə Allahverdiyeva, Rafiq Əzimov, Mirzə Ağabəyov, Firəngiz Mütəllimova iştirak edəcək.

Rus Dram Teatrının səhnəsində19 yanvar saat 19:00-da F.M.Dostoyevskinin əsəri əsasında eyni adlı "Karamazov qardaşları" tamaşasının premyerası keçiriləcək. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi İranə Tağızadədir. Baş rollarda Mabut Məhərrəmov, Səfa Mirzəhəsənov, əməkdar artistlər, Ayan Mirqasımova, Mələk Abbaszadə, Firdovsi Atakişiyev, Zinaida Sidiyeva, aktyorlar İlqar Həsənov, Oleq Əmirbəyov, Teymur Rəhimov və başqaları iştirak edirlər. Baletmeystr Azərbaycanın əməkdar artisti Aleksandar Nikuşina, kostyum üzrə rəssam Tatyana Melnikova, musiqi Vladimir Neverovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə