Teatr Muzeyində “20 Yanvar xalqımızın qan yaddaşıdır” adlı tədbir keçirilib

Teatr Muzeyində “20 Yanvar xalqımızın qan yaddaşıdır” adlı tədbir keçirilib

Bu gün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində "20 Yanvar xalqımızın qan yaddaşıdır" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "20 Yanvar cəmiyyətinin üzvləri, həmin gecənin şahidləri, şəhid ailələri, şagirdlər, media nümayəndələri və baqaları iştirak ediblər. Tədbir ilk olaraq Azərbaycan himni ilə başlayıb və bir dəqiqəlik sükutla şəhidlər anılıb.

Nəzərinizə çatdıraq ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan tarixində qanlı hərflərlə yazılıb. Azğınlaşmış sovet ordusu heç bir xəbərdarlıq olunmadan küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutub. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak olub ki, onlaradan da 123-ü kişi, 5-i qadın 4-ü uşaq idi. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq olub.

Daha sonra şəhid yaxınları da müdhiş gecə barəsində söz açıblar: "O qanlı gecədən 24 il keçsə də, yanvar faciəsinin xalqımızın ürəyində açdığı yara sağalmaq bilmir. Xalq öz şəhid övladlarını unutmur, xatirəsini uca tutur. Hər il respublikada bu faciəyə həsr olunmuş müxtəlif tədbirlər keçirilir".

Qeyd edək ki, sonda Bakı şəhər 44 və 53 saylı orta məktəblərin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər, Asəf Zeynallı adına Musiqi Kollecinin şagirdlərinin ifasında isə musiqi parçaları səslənib, 20 Yanvar faciəsinə aid video çarx təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə