“Oskar” mükafatlarına namizədlərin siyahısı açıqlanıb

Amerika kino akademiyası "Oskar" mükafatına namizədlərin siyahısını açıqlayıb.SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Ən yaxşı film" nominasiyasına bu il 9 kinolent - "12 il qul kimi", "Nebraska", "Qravitasiya", "Amerikasayağı fırıldaq", "Uoll-stritli canavar", "Dallas alıcılar klubu", "Kapitan Filips", "O" və "Filomena" filmləri namizəd göstərilib.
"Ən yaxşı rejissor" nominasiyasına Stiv Makkuin, Alfonso Kuraon, Devid O.Rassel, Martin Skorseze və Aleksandr Peynin namizədliyi irəli sürülüb.
"Ən yaxşı kişi rolu" nominasiyasında Kristian Beyl ("Amerikasayağı fırıldaq"), Leonardo di Kaprio ("Uoll-stritli canavar"), Çivetel Edjiofor ("12 il qul kimi"), Bryus Dern ("Nebraska") və Mettyu Makkonaxi ("Dallas alıcılar klubu") mübarizə aparacaqlar.
"Ən yaxşı qadın rolu" nominasiyasına isə Cudi Denç ("Filomena"), Meril Strip ("Avqust"), Keyt Blanşett ("Jasmin"), Sandra Bullok ("Qravitasiya") və Emi Adams ("Amerikasayağı fırıldaq") namizəddir.

Qeyd edək ki, "Oskar" mükafatı sahiblərinin adları martın 2-də məlum olacaqdır. Hollywood and Highland əyləncə kompleksindəki "Dolbi" teatrında keçiriləcək 86-cı mükafatlandırma mərasimi 225 ölkədə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə