“İl Tabarro” (“Plaş”) operasının premyerası olacaq

“İl Tabarro” (“Plaş”) operasının premyerası olacaq

Görkəmli italyan bəstəkarı C.Puççininin ən maraqlı əsərlərindən biri olan "İl Tabarro" ("Plaş") operasının premyerası olacaq. SİA-nın məlumaatına görə, teatrın rəhbərliyi bu səhnə əsərinə quruluş vermək üçün Almaniyanın tanınmış opera sənəti ustalarını – quruluşçu rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrofku dəvət edib.

Azərbaycanda ilk dəfə səhnəyə qoyulacaq "İl Tabarro" tamaşası operasevərlərin çox böyük marağına səbəb olacaq.
Tamaşada teatrın aparıcı solistlərindən əməkdar artistlər Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Əsədova, həmçinin gənc vokalçılar Afaq Abbasova, Fərid Əliyev, Tural Ağasıyev və başqaları çıxış edəcəklər.

Tamaşanın konsertmeysteri Vəfa Əzizovadır.

Bu əsərin ilk tamaşası 1918-ci ildə Nyu-Yorkda Metropoliten-Operanın səhnəsində baş tutmuş və çox böyük uğur qazanıb. Həmin vaxtdan "İl Tabarro" dünyanın qabaqcıl opera teatrlarının repertuarında möhkəm yer tutur və tamaşaçılar tərəfindən böyük marağa səbəb olur. Əsər son dərəcə gözəl musiqisi və kəskin dramatik süjet xətti ilə fərqlənir.

Qeyd edək ki, "İl Tabarro" ("Plaş") operasının premyerası yanvarın 26-sı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə