M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə yaradıcı gənclərlə görüş keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi görüşə gənc dramaturqlar, rejissorlar, teatrşünaslar, teatr rəssamları, bəstəkarlar, ümumilikdə teatr adı ətrafında cəmləşənlər, yeni nəfəs, yeni düşüncə, fərqli baxışı olan istedadlı gənclər dəvət olunublar. Tədbirdə həmçinin Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri, professor Azər Paşa Nemətov, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Mədəniyyət və Turizm Nazirliyi İncəsənət, Elm və təhsil, Nəşriyyat, reklamın təşkili və informasiya şöbələrinin, müvafiq sektorların müdirləri, teatrşünas alimlər - professorlar İlham Rəhimli, Məryəm Əlizadə, yazıçı-dramaturq Əli Əmirli, eləcə də Dövlət Musiqili, Gənc Tamaşaçılar, Rus Dram, Kukla, Yuğ, Pantomima teatrlarının direktor və rejissorları iştirak ediblər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev giriş sözündə tədbirin məqsədini açıqlayaraq bildirib ki, bugünkü görüşdə son illərdə mədəniyyətin müxtəlif sahələrində yaradıcı gənclərin uğurlarını qeyd etməklə bir daha görülən işlərə nəzər salmaq istəyirik.
Maraqlı müzakirələrlə müşayiət olunan görüşdə gənclərlə iş, onların yaradıcılıq imkanlarının nümayişi qeyd olunub, bu insanların potensiallarının üzə çıxarılması üçün yaradılan münbit şəraitdən söz açılıb, yaradıcı gənclərin fəaliyyət istiqamətləri, onların uğurlu nəticələri sadalanıb.
Nazirliyin istedadlı gənclərlə işə daim xüsusi diqqət yetirdiyini vurğulayan Ədalət Vəliyev respublikanın müxtəlif teatrlarına baş rejissor vəzifələrinə gənclərin təyin olunduğunu, istedadlı teatr mütəxəssislərinin xarici ölkələrə ixtisasartırma kurslarına göndərildiyini, bu işin davamlı olacağını deyib.
Nəzərinizə çatdıraq ki, Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə teatrla bağlı rüblük jurnalın çapa hazırlandığını və ilk sayın mart ayında - Milli Teatr günü ərəfəsində işıq üzü görəcəyini diqqətə çatdıran Ədalət Vəliyev gənc teatrşünasları bu nəşrlə əməkdaşlığa, teatr tənqidi ilə bağlı canlı, dolğun və peşəkar yazılar yazmağa çağırıb. Bildirilib ki, hər il 100 nəfər istedadlı gəncə aylıq Prezident təqaüdləri verilir, istedadlı, sənətə, onun inkişafına xidmət edən insanların, o cümlədən yaradıcı gənclərin əməyi dövlətin daim diqqət mərkəzindədir.
Sonra görüş iştirakçıları məsələ ilə bağlı maraqlı məqamlara toxunaraq gəncləri mədəniyyət, teatr, yaradıcılıq sahəsinə maraq göstərməyə səsləyiblər, onlara müəyyən istiqamətlər, məsləhətlər veriblər. Teatrlarda 20-yə yaxın quruluşçu rəssam vakansiyasının olduğu və istedadlı, peşəkar gənclərə böyük ehtiyac duyulduğu qeyd olunub. Gənc dramaturqların yetişməsi, hətta xarici ölkələrdə təhsillərini davam etdirmələri üçün Nazirlik səviyyəsində şəraitin yaradılacağı bildirilib.
Görüşdə gənc teatr rəssamları və musiqiçilərin təklifləri dinlənilib, müəyyən məqamlara aydınlıq gətirilib, müzakirələr aparılıb.
Qeyd edək ki, sonda teatrşünasların yay məktəbi formatlı toplaşmalarının, birgə müzakirə və seminarların təşkili təşəbbüsünü irəli sürən Ədalət Vəliyev bunun adıçəkilən məsələyə marağın artırılması, yaradıcı gənclərin ünsiyyəti baxımından gərəkli olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB