“Zamanla üz-üzə”

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan "Zamanla üz-üzə" layihəsi davam etməkdədir. SİA-nın məlumatına görə, yeddi il əvvəl işə başlayan layihə çərçivəsində ötən müddətdə Bakı səhnəsində XX əsr klassiklərinin əsərləri ifa edilib. Hazırda bu istiqamətdə işlər davam etməkdədir.

"Zamanla üz-üzə III" müasir musiqi layihəsi yuxarıda qeyd edilən ənənələrin davamı kimi nəzərdə tutulub.
Artıq layihənin proqramı hazırlanıb. Budəfəki layihə çərçivəsində Bakı şəhərində heç vaxt tamaşaya qoyulmamış müasir musiqi əsərlərin səhnələşdirilməsi nəzərdə tutulub. Buraya XX əsr klassikasının inciləri - Arnold Şönberqin "Ervartung" monodramı və İqor Stravinskinin "Əsgərin tarixçəsi" əsərləri, həmçinin görkəmli italyan bəstəkarı Salvatore Sciarrino tərəfindən 1998-ci ildə yazılmış və artıq mübaliğəsiz dünya müasir musiqisinin klassikasına çevrilmiş, 2 hissədən ibarət "Gözümün xain nuru" ("Luci mie traditrici") operası daxil edilib. Əsər Bakıda italiyalı rejissor Caterina Panti Liberovici tərəfindən səhnələşdiriləcək.

Bunlarla yanaşı, layihə çərçivəsində rus bəstəkarlıq məktəbinin ən parlaq nümayəndələrindən olan Vladimir Tarnopolski tərəfindən 2006-cı ildə qələmə alınmış "Kölgənin o biri üzü" kamera operası isə alman rejissoru Robert Veşsler tərəfindən səhnələşdiriləcək.

Qeyd edək ki, layihənin bədii rəhbəri, Əməkdar İncəsənət Xadimi Fərəc Qarayev, baş dirijoru isə xalq artisti Rauf Abdullayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə