Xalq artisti "Aypara və Ulduz" ordeninə layiq görülüb

Xalq artisti "Aypara və Ulduz" ordeninə layiq görülüb

Bu gün Akademik Milli Dram Teatrında xalq artisti Məleykə Əsədova ordenlə təltif olunub. SİA-nın məlumatlna görə, xalq artistinə mədəniyyətlərarası münasibətlərin qurulmasına, milli-mənəvi dəyərlərin təbliğinə yönəlmiş ictimai fəaliyyətinə, Yeni Azərbaycan Partiyasının üzvü kimi Azərbaycanda və ölkənin hüdudlarından kənarda keçirilən ictimai tədbirlərdə fəal iştirakına görə, İnsan Hüquqları Müdafiəsi Beynəlxalq Komitəsinin təsis etdiyi "Aypara və Ulduz" ordeninə layiq görülüb.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Təhlükəsizlik Komitəsinin təmsilçisi Vəli Yusifov 10 gündür paytaxtımızda qonaq olmaqdan böyük məmnuniyyət hissi keçirdiyini bildirib: "Mən bu gün Azərbaycanda olduğuma görə çox sevinirəm. Çünki Bakı həqiqətən çox dəyişib və inkişaf edib. Bu da təbii ki, ölkə başçısının dövlətə göstərdiyi qayğının nəticəsidir. Təqdim etdiyimiz ordenin tarixi çox qədimdir. "Aypara və Ulduz" ordeni Türkiyədə yaranmasına baxmayaraq, hazırda Azərbaycanda hazırlanıb təqdim olunur. İlk dəfə mədəniyyət xadimləri arasında bu ordenə xalq artisti Məleykə Əsədova layiq görülüb".

Daha sonra xalq artisti Məleykə Əsədova sözügedən ordenlə təltif olunduğuna görə çox sevindiyini dilə gətirib: "Mən hər zaman xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil etmişəm. Bu orden mənim üçün gözlənilməz oldu. Mənim ən yüksək mükafatım Ulu Öndər Heydər Əliyevin mənə bəxş etdiyi mükafatlardır. Amma bu mükafat da mənim fəaliyyətimə görə verilibsə, bu həm də Azərbaycanın uğurudur. Yeni ilin başlanğıcında bu mükafat mənə təqdim olunduğu üçün, özümü çox xoşbəxt hiss edirəm".

Qeyd edək ki, Azərbaycanda ilk dəfə "Aypara və Ulduz" ordeni 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, 2011-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə, 2012-ci ildə isə Azərbaycanın birinci xanımı, Milli Məclisin Deputatı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə