Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl münasibəti ilə bayram tədbiri keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin və mədəniyyət mərkəzlərinin əməkdaşları, diaspor nümayəndələri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, sənət adamları və Daşkənddəki azərbaycanlılar iştirak ediblər.
Tədbir iştirakçıları öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Mədəniyyət Mərkəzinin önündəki büstü önünə əklil və çiçəklər qoyublar.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Quliyev 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdiyini bildirib. O, öz çıxışında ölkəmizdə geniş şəkildə qeyd olunan həmrəylik gününün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlının birlik bayramına çevrildiyini vurğulayıb. Səfir Özbəkistandakı azərbaycanlıları da bir və həmrəy olmağa çağırıb.
Daha sonra Özbəkistandakı Azərbaycan diasporunun rəhbəri Mobil Məmmədov çıxış edərək bütün azərbaycanlıları bayram münasibəti ilə təbrik edib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə dünya azərbaycanlılarına ünvanlanmış müraciəti oxunub.
Qeyd edək ki, daha sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramı nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB