Bu gün yazıçı, ədəbiyyatşünas, ictimai xadim, professor Əzizə Cəfərzadənin doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, Əzizə Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub. İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxuyub, 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1944-1946-cı illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-1955-ci illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışıb. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.
Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirib. İlk kitabı 1948-ci ildə çap edilib, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında yazılıb. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirib.
Yazıçının "Sahibsiz ev", "Əllərini mənə ver", "Sənsən ümidim", "Xəyalım mənim" kimi bir sira povestlərinin mövzusu müasir həyatdan götürülüb. "Qızımın hekayələri", "Anamın nağılları", "Çiçəklərim", "Pişik dili" və başqa uşaqlar üçün yazdığı hekayə və nağıllardır.
Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərib. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarişlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirib. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarırdı. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayib çap etdirib ki, bunlara "Fatma xanım Kəminə", "Könül çırpıntıları", "Azərbaycanın aşıq və şair qadınları", "Azərbaycanın şair və aşıq qadınları", "Şirvanın üç şairi", "Mücrüm Kərim Vardani. Sünbülstan", "Abdulla Padarlı. Seçilmiş əsərləri", "Hər budaqdan bir yarpaq" daxildir. Onun bir çox toplayıb çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməyib. Bu kitablar vasitəsi ilə o, qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut etmişdir. Bu əsərlərlə yanaşı onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilib.
O, "Natavan" adlı kino ssenari, çoxlu sayda radio-televiziya pyesləri xatirat və saysız hesabsız bayatı yazıb. Əzizə xanım folklorumuzun vurğunu idi, "Bayatı düşüncələrim", "Xızır Nəbi", "Novruz" və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi edib. Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, kipr, Hindisatn, İraq, Malaziya, İsrail, Sinqapur və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olub. Bu ölkələrin kitabxanalarından tarixi əsərlər ilə bağlı məlumatlar toplamış və səyahət gündəlikləri yazıb. Bunlardan birində 1965-1966-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya (Afrika) səfərinin gündəlikləri "Qızıl sahilə səyahət" xatiratını yazmasıdır.
Əzizə xanım bir sıra xarici müəlliflərin o cümlədən S.Smirnovun "Brest qalası", Ş.Rəşidovun "Güclü dalğa", A. Lixanovun "Mənim generalım", Ə.Kabaklənən "Əjdaha daşı", S.Çokumun "Bizim diyar" və başqa əsərlərini ana dilinə tərcümə etmiş, bir çox kitabın redaktoru olub. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, tacik, ərəb, qazax və başqa tərcümə edilib xaricdə nəşr edilib. Fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar etmiş, televiziyada "Klassik irsimizdən", "Aşıq Pəri" və başqa çoxsayı proqramların müəllifi və aparıcısı olmuşdur. Bu verilişlər vasitəsi ilə xalqa Azərbaycan klassik və müasir ədəbi irsini təbliğ edib. Bununla yanaşı o radioda Cənubi Azərbaycan üçün verilən proqramların və "Ana" radio jurnalının uzun illər daimi iştirakçısı olub.
1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləyib. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak edib. O, həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirib. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olub.
Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, dönə-dönə müxtəlif fəxri fərmanlar, "Xalqlar dostluğu" ordeni və müstəqil Azərbaycanın ali mükafatı – "Şöhrət" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü idi. Azərtelefilm birliyi onun həyat və yaradıcılığı haqqında 2 telefilm çəkib. Əzizə xanımın ən böyük mükafatı isə xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o, 2001-ci ildə "Azərbaycan Anası" və "Xalq Yazıçısı" kimi yüksək adlara layiq görülüb. Əzizə Cəfərzadə
Qeyd edək ki, Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra vəfat edib və vəsiyyətinə əsasən Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB