Bu gün Zeynəb Xanlarovanın ad günüdür

Bu gün Zeynəb Xanlarovanın ad günüdür

Bu gün Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. SİA-nın məlumatına görə, xalq artisti 77 yaşını qeyd edir. Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakıda dünyaya gəlib. M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini (1956) və A.Zeynallı adına Bakı Musiqi Texnikumunu (1961) bitirib. 1961-ci ildən Opera və Balet teatrının solistidir.

O, 1975-ci ildə Azərbaycan Respublikasının xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adlarına, 1985-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatı laureatına layiq görülüb.

Zeynəb Xanlarova dünyanın ən möhtəşəm konsert salonlarında, radio dalğalarında milyonlarla ürəyi fəth edən sehrkar bir səsə malikdir. Bu səsi ilə Azərbaycanı bütün dünyada tanıdıb. Qastrol səfərləri zamanı dilindən, dinindən, əqidəsindən asılı olmayaraq hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni sevgi ilə qarşılanır.

O, Yəmən, Əfqanıstan, Əlcəzair, Türkiyə və bir sıra başqa ölkələrdə yüksək təltiflərə, "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordeni, "İstiqlal" ordenlərinə layiq görülüb.

Zeynəb Xanlarova əvəzsiz bir ifaçı olmaqla, Azərbaycan Akademik Opera və Balet teatrının səhnəsində baş rollar oynayıb, sənət möcüzələri yaradıb. Onun Leylisi, Əslisi teatr tariximizin səhifələrində adəbi qalacaq obrazlardır.

Onun XX əsr Azərbaycan ifaçılıq sənətində bəlkə də heç kəsin heç zaman qalxa bilməyəcəyi bir zirvəsi var. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib. O, həmçinin bir sıra mahnıların müəllifidir.

Zeynəb Xanlarova Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) deputatı olub, Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.Zeynəb Xanlarovanın 2 oğlu var. Ramin və Ramal.

Bütün xəbərlər Facebook səhifəmizdə