“Qırmızı yağış” romanının təqdimat mərasimi keçirilib

“Qırmızı yağış” romanının təqdimat mərasimi keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-dramaturq İsi Məlikzadənin ilk dəfə latın qrafikası ilə nəşr olunan "Qırmızı yağış" romanının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimatda seriyanın rəhbəri, şair Fərid Hüseyn, nəşrin redaktoru Mübariz Rəfiyev, "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli, İsi Məlikzadənin ailə üzvləri, mədəniyyət işçiləri, media nümayəndələri və başqaları iştirak ediblər. Onu da deyək ki, kitab "Gənclik" nəşriyyatında "Eşq" seriyasından çap olunub.

Tədbirdə çıxış edən şair Fərid Hüseyn İsi Məlikzadənin yaradıcılığını kifayət qədər insanlar izlədiyini bildirib: "Əminəm ki, bu kitab hər kəs tərəfindən bəyəniləcək. "Qırmızı yağış" romanı bir ailə daxilində baş verən hadisələr timsalında bütöv bir cəmiyyətin iç üzünü açır, yaltaqlığın, riyakarlığın, qorxaqlığın insanı sonda mənəvi uçuruma yuvarlanmasını göstərir. İsi Məlikzadə bu romanda öz siması, şəxsiyyəti, xarakteri olmayan insanların faciəsinin labüdlüyünü və həmin mühiti yaradan siyasi-ictimai quruluşun iç üzünü çox dəqiq detallarla əks etdirir".

Daha sonra "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli də bu kitabın ərsəyə gəlməsində Fərid Hüseynin böyük xidməti olduğunu söyləyib: "Azərbaycanda görünməmiş hadisə ilə üzləşdim. Belə ki, insanda ilk təəssürat bu kitabın ərsəyə gəlməsində İsi Məlikzadənin ailə üzvlərindən, yaxın qohumlarından birinin olduğunu düşünə bilər. Ancaq belə addımı İsi Məlikzadənin əsərlərinə, yazılarına heyran olan şəxs nəşr etdirib. Ömrü vəfa etmədi ki, mərhum yazıçımız bu kitabı görə bilsin. Əgər bizlər onun yazılarını nümunə kimi götürürüksə deməli, o, layiqli söz ustasıdır".

Qeyd edək ki, İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olub. Burada Xalfərəddin orta məktəbini bitirkədən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsində təhsil alıb. "Həsrətin sonu", "Özgə anası", "Kövrək qanadlar", "Küçələrə su səpmişəm", "Yaşıl gecə", "Günəşli payız", "Dədə palıd", "Gümüşgöl əfsanəsi", "Sehirli çəmənlərin işığı", "Dolaşaların Novruz bayramı" kimi dəyərli kitabların müəllifidir. İsi Məlikzadə 1995-ci il dekabrın 5-i vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə