“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi yeniliklərdən danışdı

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi yeniliklərdən danışdı

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev gələn il üçün həyata keçiriləcək layihələr barədə danışıb. SİA-nın məlumatına görə, idarə rəisi açıqlamasında bildirib ki, İçəri şəhərin yüksəkliklərindən birində orta əsrlərə aid Şirvanşahlar Sarayı kompleksinin yeni muzey-ekspedisiyasının yaradılması işlərinə başlanılıb.

Onun sözlərinə görə, kompleksdə Novruz bayramına qədər tam müasir, dünya standartlarına cavab verən muzey-ekspedisiyası yaradılacaq: "Orada əlavə otaqlar boşaldılıb və yerinə yeni ekspedisiyalar əlavə edilib. Əvvəllər ekspedisiyaların sayı 6-7 idisə, bundan sonrakı vaxtda isə onların sayı 11-12 olacaq".

İdarə rəisi onu da qeyd edib ki, gələn il üçün bir sıra tarixi abidələr yenidən bərpa olunacaq: " "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində "Marionet teatrı" üçün xüsusi bina ayrılıb. Xatırladım ki, bu teatr ötən il İdarənin tabeliyinə verilmişdi. Artıq sənədlər hazırlanıb və podratçı şirkətlə də müqavilə imzalanıb. Bu aydan etibarən həmin teatrının bərpası işlərinə başlanıb. Proses 2 il ərzində tam başa çatdırılacaq. Orada həm teatrın səhnəsi, həm də kuklaların təmiri və düzəldilməsi üçün kiçik sexlər, qonaqları qəbul etmək üçün müəyyən şərait yaradılacaq".

Bərpa işlərindən sonra tarixi abidələrdəki qiymətlərin tənzimlənməsi məsələsinə də toxunan idarə rəisi qeyd edib ki, bu gün idarə daxilində olan muzeylərdə qiymətlər kifayət qədər münasibdir: "Belə ki, muzeylərdə giriş böyüklər üçün 2, tələbələr üçün 1 manat, uşaqlar üçün 20 qəpik təşkil edir. Qız qalası və Şirvanşahlar Sarayı kompleksinin yeni muzey-ekspedisiyaları açılandan sonra qiymətlərə yenidən baxılmasına ehtiyac qalmayacaq. Bir sözlə, gələcəkdə muzeylərdə heç bir qiymət artımı gözlənilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə