Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Musiqişünas-alim, pedaqoq, folklor tədqiqatçısı, Azərbaycan Milli Konservatoriyasının "Milli musiqinin tarixi və nəzəriyyəsi" kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Fəttah Xalıqzadənin 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. SİA-nın məlumatına görə, Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə Fəttah Xalıqzadəni 60 illiyi münasibətilə təbrik edərək ona cansağlığı və gələcək işlərində uğurlar arzulayıb. Həmçinin Firəngiz Əlizadə yubilyarın həyat və yaradıcılığından qısaca danışaraq ona Azərbaycan Bəstəkarlar İttifaqının təbrikini çatdırıb.
Daha sonra Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Kamilə Dadaşzadə "F.Xalıqzadənin musiqişünaslığa dair tədqiqatları" mövzusunda məruzəsində yubilyarın elmi fəaliyyətindən söz açıb.
Xalq artisti, professor Ramiz Zöhrabov, əməkdar artist, professor Tariyel Məmmədov, Əməkdar İncəsənət Xadimi, professor Nazim Kazımov, professor Məhərrəm Qasımlı, Filologiya elmləri doktoru Firudin Qurbansoy və başqaları öz çıxışlarında müasir Azərbaycan musiqisinin inkişafında və kadrların hazırlanmasında F.Xalıqzadənin xidmətlərindən danışmış, onu yubileyi ilə əlaqədar təbrik ediblər.
Nəzərinizə çatdıraq ki, tədbirdə Fəttah Xalıqzadə haqqında videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, sonda yubilyara həsr olunmuş konsert proqramı nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB