Şəkidə Prezident Kuboku uğrunda VIII çövkən milli oyunları başa çatıb
Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VIII çövkən milli oyunları başa çatıb. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən oyunlarda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 20 komanda mübarizə aparıb. Builki oyunlarda ilk dəfə olaraq region təmsilçiləri ilə yanaşı, paytaxt komandaları da iştirak ediblər.
Respublika Atçılıq Turizm Mərkəzində yarışların bağlanış mərasimi keçirilib.
Tamaşaçılar ilk öncə Bakı-1 və Bakı-2 komandaları arasında çövkən oyunu üzrə final qarşılaşmasını izləyiblər. Bakı-2 komandası rəqibini 2-1 hesabı ilə məğlub edərək Prezident Kuboku uğrunda VIII çövkən milli oyunlarının qalibi adını qazanıb. 3-cü yeri Şəki komandası Ağdam komandası üzərində 3:2 hesablı qələbəsi ilə qazanıb.
Bir gün əvvəl başa çatmış sür-papaq oyunu üzrə yarışlarda Balakən təmsilçiləri 1-ci yerə sahib çıxıblar. Sonrakı yerləri Laçın və Ağcabədi rayonlarının komandaları tutublar. İsmayıllı komandası papaq, Yevlax komandası yaylıq, Daşkəsən komandası isə atüstü güləş yarışlarının qalibi adını qazanıblar.
Final görüşündən sonra komandaların mükafatlandırılması mərasimi olub. Bütün növ yarışlar üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunmuşdur. Çövkən milli oyununun qalibi Bakı-2 komandasına isə yarışların baş mükafatı - Prezident Kuboku təqdim edilib.
Qeyd edək ki, sonda yarış iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına, atçılıq ənənələrinin dirçəldilməsinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB