Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib
Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında türk dünyasının görkəmli yazıçısı, ictimai xadim Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, tanınmış qırğız kinorejissoru, ssenarist, SSRİ Xalq Artisti Bolotbek Şamşiyev, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə teatrın foyesində dünya şöhrətli yazıçının yaradıcılığını əks etdirən "Çingiz Aytmatov türk dünyasının qüdrətli söz ustadı" mövzusunda kitab sərgisi ilə tanış olublar. Yubiley mərasimi qırğız xalq musiqisinin səslənməsi ilə başlanıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev türk dünyasının böyük yazıçısı, görkəmli ictimai-siyasi xadim Çingiz Aytmatovun həyat və yaradıcılığı, zəngin ədəbi irsi haqqında məlumat verib: "Çingiz Aytmatovun yubileyi Qırğızıstanda böyük təntənə ilə qeyd olunmaqdadır. Biz çox sevinirik ki, Bakıda da belə tədbir keçirilir. Görkəmli yazıçı Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstanın Şəkər kəndində dünyaya göz açıb. Hələ kiçik yaşlarında kommunist rejimi milyonlarla günahsızlar sırasında onun atası Torekul Aytmatovu da güllələyib. 1956-cı ildə atasına bəraət veriləndə Çingiz Aytmatovun 28 yaşı olub. O, Cambul Zootexnikumunu, Bişkek Kənd Təsərrüfatı Universitetini və Moskva Ali Ədəbiyyat İnstitutunu bitirib. Ali təhsil aldıqdan sonra Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda çalışıb.
1952-ci ildən qırğız və rus dillərində ilk əsərləri çap olunsa da, onun imzasının oxucular arasında tanınması Moskva Ali Ədəbiyyat İnstitutunda təhsil almasından sonra başlayıb.
Dövlətin ən yüksək fəxri adlarına və mükafatlarına layiq görülmüş Çingiz Aytmatov SSRİ ərazisində yaşayan bütün xalqların ən sevimli yazıçısı olub. Onun əsərləri ötən əsrin 60-cı illərindən ömrünün sonunadək dünyanın hər yerində böyük sevgi və məhəbbətlə oxunmuş, 76 dilə tərcümə edilib.
Çingiz Aytmatov zaman və insan haqqında elə tərzdə yazıb ki, onun təsirindən milyonlarla insan düşüncəsinin həmrəyliyi yaranıb. Yazıçını bəşəri problemlər düşündürsə də, yaratdığı obrazlar tarixi yaddaşın daşıyıcısı olub. Çingiz Aytmatov dünyanın ədəbi prosesinə təsir göstərə bilmiş şəxsiyyətdir. Onun əsərləri Azərbaycana dilinə tərcümə edilərək dəfələrlə çap olunmuş, respublikamızın ali və orta təhsil müəssisələrinin tədris proqramına salınıb. Biz onun əsərləri ilə böyümüşük, ondan öyrənmişik və onun əsərləri ilə müdrikləşirik.
Görkəmli yazıçı Çingiz Aytmatov Azərbaycana səfərindən xüsusi qürur duyub. Ulu Öndər Heydər Əliyev onun yaradıcılığını hələ ötən əsrin 60-cı illərindən başlayaraq yüksək qiymət verib. Çingiz Aytmatov isə Ümummilli Lider Heydər Əliyevin türk dünyasının qüdrətli lideri olduğunu dəfələrlə yazılarında, müsahibələrində bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev də dahi sənətkarı ölkəmizdə keçirilən bütün beynəlxalq forumlara dəvət edib. Çingiz Aytmatov Azərbaycanda baş verən intibahdan qürur duyduğunu dəfələrlə bildirmiş, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işləri türk dünyasının böyük nailiyyəti hesab edib. Böyük yazıçı Azərbaycanda hər zaman sevilib və bu tədbirin keçirilməsi bizim Çingiz Aytmatova olan sevgimizin bariz nümunəsidir".
Mərasimdə iştirak edən Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov Bakıda görkəmli yazıçının xatirəsinə həsr olunmuş belə bir mərasimin keçirilməsinə görə Qırğızıstan hökuməti adından Azərbaycan rəhbərliyinə dərin təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, tanınmış qırğız kinorejissoru, ssenarist, SSRİ Xalq Artisti Bolotbek Şamşiyev görkəmli yazıçı Çingiz Aytmatovun dünya ədəbiyyatına verdiyi dəyərli töhfələrdən və ədiblə bağlı xatirələrindən söz açıblar.
Nəzərinizə çatdıraq ki, Çingiz Aytmatovun vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün, dövlətimizin başçısının yazıçını "Dostluq" ordeni ilə təltif etməsinin, onun haqqında söylədiyi dəyərli fikirlərin əks olunduğu video çarx nümayiş olunub.
Qeyd edək ki, tədbir sonda bədii proqramla davam edib və görkəmli ədibin oğlu Askar Aytmatov mərhum yazıçının ailəsi adından Bakıda atasının 85 illik yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan xalqına minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB