Mədəniyyətlərarası Dialoqa dair “Bakı prosesi”nin beş illik yubileyi qeyd edilib

Mədəniyyətlərarası Dialoqa dair “Bakı prosesi”nin beş illik yubileyi qeyd edilib

Bu gün Bakı Biznes Mərkəzində "Mədəniyyətlərarası Dialoq üçün Bakı prosesi"nin 5 illik yubiley mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Böyük Britaniyanın Coventry Universitetinin Sosial Münasibətlər Mərkəzinin İcraçı Direktoru Mike Hardy, media nümayəndələri və başqaları iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda keçirilmiş 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hesabatı və 3-cü Dünya Forumunun prioritetləri təqdim edilib.

Günün vacibliyi barədə danışan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyətini diqqətə çatdırıb: "Bildiyiniz kimi son illər Azərbaycanda mədəniyyətlərarası dialoq mövzusu olduqca böyük əhəmiyyətə malikdir. Bakı şəhəri hazırda dünyada beynəlxalq əməkdaşlığın, tolerantlığın, müxtəlif mədəniyyətlərin mərkəzinə çevrilib. 5 il bundan öncə prezident İlham Əliyev Bakıda ilk dəfə Avropa Mədəniyyət Nazirlərinin iştirakı ilə qonşu dövlətlərin, o cümlədən islam Mədəniyyət Nazirlərinin iclasına qatılıb. Cənab İlham Əliyev "Mədəniyyətlərarası Dialoq üçün Bakı prosesi"ni Avropa Şurası səviyyəsində elan edib, Azərbaycanda yeni bir proses başlanmasına nail oldu. Bu "Bakı prosesi" adlanır. Bakı hər zaman müxtəlif mədəniyyətlərə açıq olan şəhərdir. Əslində bu yubiley dekabrın 2-si keçirilməli idi. Ancaq paytaxtımızda YUNESKO sessiyası olduğu üçün bu günə təxirə saldıq. Sözsüz ki, bu 5 illik mərhələni qət etdikdən sonra biz müəyyən təhlilər aparacağıq. Düşünürəm ki, Azərbaycanın xarici siyasətində enerji, iqtisadiyyat, nəqliyyat, müsair texnologiyalar və informasiyalar layihələri ilə birlikdə, bu gün Mədəniyyətlərarası dialoq Azərbaycanın elan etdiyi "Bakı proses"i onun çox vacib hissəsini təşkil edir".

Qeyd edək ki, sonda "Çoxmədəniyyətli Musiqi Mübadiləsi" adlı film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə