Əbülfəs Qarayev Şəkidə vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Şəkidə vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Şəki şəhərindəki Olimpiya İdman Kompleksində Şəki, Mingəçevir, Naftalan şəhərlərindən və Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər, Ağam rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın verdiyi xəbərə görə, müvafiq mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmış 30-a yaxın vətəndaş müxtəlif məsələlərə dair xahiş və təkliflərini nazirə ünvanlayıb.

Qaldırılan məsələlər əsasən mədəniyyət və tarixi abidələrdə yarımçıq qalmış bərpa işlərinin tamamlanması, çövkən atüstü oyunun inkişafı məqsədilə mərkəzin yaradılması, əhalinin daha çox məskunlaşdığı böyük kəndlərdə müasir klub tipli müəssisələrinin inşası, iri yaşayış məntəqələrində günün tələblərinə cavab verən kitabxanaların açılması, yerli mədəniyyət müəssisələrinin ixtisaslı kadrlarla təmin olunması, Şəki şəhərində "Yumor" festivalının təşkili, yeni Turizm İnformasiya Mərkəzinin yaradılması, musiqi məktəblərinin çalğı alətləri və dərs vəsaitləri ilə təminatı, işlə təmin olunma və digər sosial məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərini dinləyən Əbülfəs Qarayev bu cür əhəmiyyətli mövzulara yerli sakinlərin laqeyd qalmamasını təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, bütün xahiş, təklif və təşəbbüslər diqqətlə nəzərdən keçiriləcək və lazımı tədbirlər görüləcək.

Nazir jurnalistlərə müsahibəsində söyləyib ki, ölkə Prezidentinin tapşırığına əsasən mütəmadi olaraq keçirilən bu görüşlər bizə bölgələrdə sakinlərin problemləri ilə, onların qaldırdıqları məsələlərlə yerində tanış olmaq imkanı verir: "Çox sevindirici haldır ki, artıq bölgələrdə yaşayan insanlarımız əvvəlki görüşlərlə müqayisədə daha çox regionun, ölkənin inkişafı ilə bağlı məsələlər qaldırırlar, həlli vacib problemlərə həssaslıq nümayiş etdirirlər. Biz də nazirlik olaraq bu cür təşəbbüslərin dəstəklənməsi, həyata keçirilməsi istiqamətində lazımi tədbirlər görürük. Bildiyiniz kimi, Şəki və ətraf rayonlarda xeyli tarixi abidə bərpa olunub, Şəkidə müasir tələblərə cavab verən teatr binası istifadəyə verilib. Bundan əlavə, bu gün UNESCO-nun "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı"na daxil edilən "Çövkən" oyunu üzrə "Prezident Kuboku" yarışlarının Şəkidə keçirilməsi, bu yarışda 20 komandanın iştirakı olduqca sevindiricidir. Bütün bunlar mədəni irsimizin qorunub saxlanılmasına, inkişafına töhfədir və təqdirəlayiq haldır ki, bölgələrimizdə bu işlərə əhali tərəfindən böyük maraq göstərilir".

Qeyd edək ki, Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və turizm sahəsində müvafiq dövlət proqramlarının icra olunduğunu və əhali tərəfindən qaldırılan bütün məsələlərin tədricən həllini tapdığını vurğulayıb. Nazir sosial məsələlərlə bağlı müraciətlərin də lazımı instansiyalara çatdırılacağını, həllinə kömək göstəriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə