Kamran Hüseynovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

Kamran Hüseynovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

17 dekabr 2013-cü ildə, saat 19:00-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli dövlət xadimi Kamran Hüseynovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən keçirilən, bir çox elm, mədəniyyət və dövlət xadimlərinin iştirak edəcəyi tədbirdə K.Hüseynovun zəngin həyat yolundan söhbət açılacaq, ömrünün müxtəlif anlarını canlandıran sənədli filmdən fraqmentlər nümayiş olunacaq.

Nəzərinizə çatdıraq ki, Kamran Əsəd bəy oğlu Hüseynov 15 dekabr 1913-cü ildə Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Çərəli kəndində anadan olub. Əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışıb. 1938-1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil alıb. 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirib.
Kamran Hüseynov 1941-1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944-1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945-1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləyib. 1949-1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov, 1952-1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953-1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.
Kamran Hüseynov 1958-1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961-1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləyib. 1968-1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. 1980-1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri, 1993-cü ildən ömrünün sonunadək isə Ticarət və Sənaye Palatasının müşaviri işləyib.
Kamran Hüseynov 1967-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi almış, uzun illər Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərib.

Qeyd edək ki, Kamran Hüseynovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif edilib.
Kamran Hüseynov 2006-cı il ömrünün 93-cü ilində vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə