Məmməd Arazın 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Məmməd Arazın 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Dekabrın 9-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Məmməd Arazın 80 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, gecədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkilləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Fəttah Heydərov, Ziyafət Əsgərov, mədəniyyət işçiləri, media nümayəndələri və başqaları iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən keçirilib.

Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov milli poeziyamızın görkəmli nümayəndəsi Məmməd Arazın həyat və yaradıcılığından danışaraq bildirib ki, Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olub. Onun poeziyasının həyat fəlsəfəsi milyonlarla insanı valeh etmiş, onlara insanpərvərlik ruhu və mənəvi paklıq nuru bəxş edib. Vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi Məmməd Araz şeirlərinin səciyyəvi xüsusiyyətləridir. Məhz bu kimi yüksək bədii keyfiyyətlərə görə şairin qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanıb. Məmməd Araz poeziyamıza yeni düşüncə tərzi, üsyanxarlıq gətirib.

Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Məmməd Arazla bağlı xatirələrini bölüşərək tamaşaçıların diqqətinə çatdırıb ki, bu cür sənətkarlar hər zaman insanların yaddaşında qalacaq. Çünki Məmməd Araz Azərbaycan poeziyasına əvəzsiz xidmətlər göstərib.

Şairin ailəsi adından çıxış edən yazıçı, Milli Məclisin deputatı Aqil Abbas Məmməd Arazın 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib: "Bu gün ki, möhtəşəm gecənin keçirilməsində Prezident İlham Əliyevə və mədəniyyət və turizm nazirliyinə öz təşəkkürümü bildirirəm. Sevindirici haldır ki, ölkə başçısı medeniyyət xadimlərinə daim öz diqqəətində saxlayır".

Nəzərinizə çatdıraq ki, tədbirin sonunda Məmməd Arazın sözlərinə bəstələnmiş mahnılar ifa edilib, şeirlərindən nümunələr səsləndirilib.

Qeyd edək ki, Məmməd Araz 14 oktyabr 1933-cü ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunu və Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarını bitirib.

Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil, "Ulduz" jurnalında məsul katib, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləmişdir. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olan şair uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.

Xidmətlərinə görə Azərbaycan Respublikasının "İstiqlal" ordeni (1995), Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmiş, Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olmuşdur (1992). Adına "Məmməd Araz" ədəbi mükafatı təsis olunub.
1 dekabr 2004-ci ildə Bakıda vəfat edib.

Fotolar Şiraslan Vəliyevə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə