Özbəkistanda Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin özbək dilinə tərcümə olunmuş “Maxzan-ul-Asror” kitabının təqdimatı olub

Özbəkistanda Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin özbək dilinə tərcümə olunmuş “Maxzan-ul-Asror” kitabının təqdimatı olub

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərinin özbək dilinə tərcümə olunmuş "Maxzan-ul-Asror" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, təqdimat mərasimində Özbəkistanın tanınmış elm və mədəniyyət xadimləri, Daşkənddəki ali məktəblərin tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq Nizami Gəncəvinin yaradıcılığı haqqında məruzə ilə çıxış etmiş və Özbək dilinə tərcümə olunmuş "Maxzan-ul-Asror" kitabının Özbək oxucuları üçün maraqlı olacağına əmin olduğunu qeyd edib. Sonra Nizami yaradıcılığına dair qısa sənədli film, habelə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan stendlərdə Nizami Gəncəvinin əsərlərindən çəkilmiş miniatürlər nümayiş etdirilib.

Nəzərinizə çatdıraq ki, akademiklər Əziz Kayumov və Bori Raximov, professor Xomidcan Xomidi, şair Bəhrəm Rözimuxammad, alim Mahkam Maxmud məruzələrində dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı və onun yaradıcılığının şərq ədəbiyyatına, xüsusən də Özbək ədəbiyyatına təsiri haqqında söhbət açıblar.

Qeyd edək ki, Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərinin Özbək dilinə tərcümə olunmuş "Maxzan-ul-Asror" kitabı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə çap olunub. Kitabın tərcüməçisi alim Olimcan Buriyev, ön sözün müəllifi akademik Əziz Kayumovdur. Kitab Özbəkistanın aparıcı kitabxanalarına, elmi tədqiqat və təhsil müəssisələrinə hədiyyə olaraq veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə