Uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə zona müşavirələri davam edir
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iş planına müvafiq olaraq uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tədris işinin təşkili ilə bağlı zona müşavirələri keçirilir. SİA-nın verdiyi xəbərə görə, 31 oktyabr tarixində Astara şəhərində, 18 noyabr tarixində Salyan şəhərində keçirilmiş zona müşavirələrində müvafiq olaraq Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayon və Salyan, Saatlı, Sabirabad, Neftçala rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin rəhbərləri iştirak ediblər.
Bu işin davamı olaraq Şamaxı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin, Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşlarının, Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayon uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə zona müşavirəsi keçirilib.
Müşavirədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli 309s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı"nın icrası ilə bağlı görülmüş işlərdən danışılmış, bədii təhsilin inkişafı, gənc nəslin estetik tərbiyəsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, təlim-tərbiyə işinin təşkili, sənədləşmə işinin düzgün aparılması, təkmilləşdirilmiş vahid formalı normativ sənədlərin tətbiqi və digər məsələlərlə bağlı zəruri məlumatlar və izahatlar verilmiş, əməli kömək göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB