Gənc Tamaşaçılar Teatrından daha bir layihə

Teatr bu dəfə tanınmış kino-aktrisa, Azərbaycan Respublikasının xalq artisti Həmidə Ömərova və Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlının iştirakı ilə yeni tamaşanın təqdimatına hazırlaşır. Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, dramaturq Əli Əmirlinin "Hasarın o üzü" adlı pyesi əsasında son məşqləri gedən eyniadlı tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

Tamaşa ailə daxilində, dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülüb. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.

Ailə üzvləri bir-biri ilə kəskin və amansız mübarizəyə qoşulur. Bəs hadiəsələrin sonrakı inkişafı hansı istiqamətdə gedir və sonluq nə ilə bitir?

Əlbəttə ki, bütün bunları yeni tamaşanı seyr edənlər biləcəkdir.

Yeni səhnə əsərinin quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir. Rolları Xalq Artistləri Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), teatrın gənc aktrisaları Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva və Səbinə Məmmədova ifa edəcəklər.

Qeyd edək ki, tamaşanın premyerası dekabr ayının 21 və 22-də Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə