Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə konsert təşkil edilib

Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə konsert təşkil edilib

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 30-da məşhur Reyms Konservatoriyasında görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə konsert təşkil edilib.

Aparıcı Elizabet Nacoco Azərbaycanın Asiya ilə Avropanın qovuşuğunda, İpək Yolunun üzərində və Xəzər dənizinin sahilində yerləşdiyini xatırladıb, qədim adət-ənənələrə malik ölkəmizdə 1918- ci ildə Şərqdə ilk demokratik respublikanın qurulduğunu və qadınlara səsvermə hüququnun verildiyini söyləyib. O, Şərq dünyasında ilk operanın 1908-ci ildə Azərbaycanda yarandığını, 1940-cı ildə ölkəmizdə baletin əsasının qoyulduğunu diqqətə çatdırıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sayəsində ölkəmizin UNESCO və digər təşkilatlarla, habelə mədəniyyət beşiyi hesab olunan Fransa ilə mədəni sahədə mühüm əlaqələr yarandığı xüsusi vurğulanıb.

Fondun Fransanın Versal qəsrində iki tarixi abidənin, Strasburq Katedralının və Normandiyada yeddi kilsənin təmirinə maddi yardım göstərdiyini qeyd edən aparıcı Azərbaycanı fransızlara yaxından tanıtmaq məqsədilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Fransanın bir çox şəhərlərində, o cümlədən Reymsdə sərgi və konsertin təşkil edildiyini, bu tədbirlərin şəhər sakinləri arasında böyük maraq doğurduğunu bildirib.

Heydər Əliyev Fondunun 2013-cü ildə dahi azərbaycan şairləri Nizami Gəncəvinin 870 və Məhsəti Gəncəvinin 900 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirməyə başladığını diqqətə çatdıran E.Nacoco Paris və Strasburqdan sonra həmin tədbirlərin Reymsdə də təşkil olunduğunu qeyd edib.

Konsertdə korifey bəstəkarlar Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Şəfiqə Axundovanın və başqalarının əsərləri ilə yanaşı, xalq mahnıları və Məhsəti Gəncəvinin sözlərinə bəstələnmiş musiqilər ifa edilib, şairin fransız dilinə tərcümə olunan rübailəri səsləndirilib.

Reyms şəhər bələdiyyə idarəsinin rəsmiləri, Şampan-Ardenn Regional Şurasının üzvləri, deputatlar, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti və diasporumuzun təmsilçiləri konserti izləyənlər arasında olublar.

Konsertin tamaşaçılarından Şarlot Roşar incəsənət ustalarının çıxışından aldığı təəssürat barədə deyib: "Mən bununla ikinci dəfədir ki, belə möhtəşəm tədbirdə iştirak edirəm. Ötən ilin oktyabrında təşkil edilən konsertə qulaq asdıqdan sonra ölkənizin musiqisinin əsl vurğunu olmuşam.

Etiraf edim ki, Fransada az tanınan Azərbaycanda bu qədər istedadlı insanın olduğunu təsəvvür etməzdim. Amma hər iki konserti dinlədikdən sonra yeraltı və yerüstü sərvətlərlə bərabər qədim tarixə malik ölkənizin zəngin mədəniyyəti və incəsənətinin şahidi oldum. Azərbaycanın belə istedadlı musiqiçiləri və sənətkarları ilə fəxr etməyə haqqı var".

Konsertdən sonra tamaşaçılara Heydər Əliyev Fondunun təşəbbüsü ilə Məhsəti Gəncəvinin fransız və ingilis dillərində çap olunmuş kitabları paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə