Azərbaycan Dillər Universitetində "Mədəniyyətlərarası festival" keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir universitetin pedaqoji fakültəsinin təşkilatçılığı, ADU TGT-nin dəstəyi, İngilis dilinin fonetikası kafedrasının baş müəllimi İntizar Kərimovanın köməkliyi və tələbələrin iştirakı ilə baş tutub. Tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, rektorun müşaviri Vazeh Əsgərov, Hindistanın Azərbaycandakı səfirliyinin əməkdaşı Tyotir Moy Sarkar və universitetin müəllim-tələbə heyəti iştirak edib.
Festival bir neçə dünya ölkələrinin mədəniyyətlərini nümayiş etdirmək və maraqlananları bu mədəniyyətlər və onların tarixləri haqqında daha yaxından tanış etmək məqsədi daşıyır.
Tədbirdə Azərbaycan, Türkiyə, Böyük Britaniya, Çin, Hindistan, Fransa, Rusiya və Norveç xalqlarının mədəniyyətlərini özündə əks etdirən foto-slayd nümayiş olundu. Tələbələr adı çəkilən ölkələrin milli geyimləri, adət-ənənələri haqqında ətraflı məlumat veriblər.
Daha sonra hər bir ölkənin milli rəqsləri, musiqiləri, geyimləri nümayiş olunub. Tamaşaçılar tələbələrin ifasında səhnəciklər və pantomimoya tamaşa ediblər.
Tədbirdə tələbələrin ifasında Azərbaycan milli rəqsləri "Naz eləmə"və "Uzundərə" nümayiş olundu, "Sarı gəlin", fransız dilində "Je t’aime" ("Mən səni sevirəm") mahnısı səsləndirildi, Türkiyənin tarixi hadisələrindən epizodlar göstərildi, o cümlədən digər ölkələrin milli rəqsləri və geyimlərinin də nümayişi keçirilib.
Tədbirdə çıxış edən Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev tədbirin təşkilindən və tələbələrin iştirakından məmnun olduğunu bildirib. O, gələcəkdə bu kimi tədbirlərin geniş şəkildə keçiriləcəyinə və daha artıq ölkələrin mədəniyyətlərinin də əlavə olunacağına tövsiyə edib. Tələbələrin bu tədbiri böyük səylə həyata keçirdiyini bildirən prorektor universitetdə istedadlı gənclərin olduğunu xüsusi qeyd etdi və tələbələrin fəallığını yüksək qiymətləndirib.
Qeyd edək ki, Vazeh Əsgərov və İntizar Kərimova da öz çıxışlarında tələbələrə yüksək səviyyəli tədbirin keçirilməsində göstərdikləri fəallığa görə təşəkkürlərini bildirdi və onları uğurlu çıxışlarına görə təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB