YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunması Üzrə Konvensiyanın 10 illik yubileyi

YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunması Üzrə Konvensiyanın 10 illik yubileyi

2-7 dekabr 2013-cü il tarixində Bakıda YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası olacaq. SİA-nın verdiyi xəbərə görə, sessiya komitənin sədri seçilmiş Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin sədrliyi ilə Marriot Abşeron otelində keçiriləcək. Sessiya zamanı həmçinin Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyi də qeyd olunacaq.

Dekabrın 2-də saat 10:00-da Marriot Abşeron otelinin "Şərq" zalında 95 ölkədən 600 nəfərdən artıq nümayəndənin iştirak edəcəyi sessiyanın açılış mərasimi, saat 13:00-da isə "Hövsan" zalında yerli və beynəlxalq jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Hökumətlərarası Komitənin bu sessiyasına beynəlxalq ictimaiyyət, media və iştirakçıların daha böyük həvəs və marağı hiss olunur. Bu il Bakı ev sahibi olaraq Konvensiyanın beynəlxalq səviyyədə keçirilməsinə cavabdehlik daşıyır. Sessiya öz işinə 2 dekabr tarixində başlayır və onun gündəliyində duran ən əsas məsələ Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısı və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı üzrə qərar verilməsidir. Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısında Azərbaycanın qədim Çövkən oyunu da yer alıb. Sessiya çərçivəsində Konvensiyanın milli səviyyədə icrası ilə bağlı dövri hesabatların dinlənilməsi, geniş tərkibli müzakirələr və mədəni tədbirlər planlaşdırılıb.

Son onilliklər ərzində qeyri-maddi mədəni irsin əhəmiyyətinin tanınması və Qeyri-Maddi Mədəni İrs üzrə 2003-cü il Konvensiyası dünyada geniş auditoriya tərəfindən qəbul olunur. Bu Konvensiya 195 ölkənin 155 üzvü tərəfindən yüksək göstərici ilə qəbul edilib və onun 10 illik yubileyinin bu ilə təsadüf etməsi tədbirin əhəmiyyətini daha da artırır.

Nəzərinizə çatdıraq ki, Konvensiyanın qəbulu mədəni müxtəlifliyin təşviqində beynəlxalq strategiyaların inkişaf etdirilməsində əsas mərhələ olub. Belə ki, beynəlxalq cəmiyyət ilk dəfə olaraq mədəni təzahür və ifadələrin qorunması ehtiyaclarını tanıyıb. Konvensiyanın 10 illik yubileyi ilə əlaqədar 2013-cü ilin əvvəllərində qeyri-maddi mədəni irsin qorunması ilə bağlı aidiyyəti tərəfdaşların yerli, regional və beynəlxalq səviyyədə təşkil etdiyi tədbirlər və fəaliyyətlər haqqında məlumatları dünya ictimaiyyəti ilə paylaşmaları üçün platforma yaradılıb. Bu münasibətlə beynəlxalq konfrans isə 14-16 iyun 2013-cü il tarixində Çinin Çenqdu şəhərində keçirilib.

Qeyd edək ki, tədbirlər yekunlaşdıqdan sonra dekabrın 8-də qonaqların Qobustan Dövlət Tarix və Bədii Qoruğu, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Azərbaycan İncəsənət Muzeyi, İçərişəhər və Bakının digər görməli yerlərinə səyahəti planlaşdırılıb.
YUNESKO-nun Beynəlxalq əhəmiyyətli bu tədbiri Azərbaycanın zəngin mədəni irsinin qorunması eyni zamanda ölkəmizin mədəni və turizm imkanlarının təşviq olunması və ölkəmizə marağın artırılması baxımından əhəmiyyətli hadisədir.

Bütün xəbərlər Facebook səhifəmizdə