Vaqif Mustafayevə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 avqust 2013-cü il tarixli Sərəncamı ilə görkəmli rejissor, xalq artisti Vaqif Mustafayev silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyində Vaqif Mustafayevə diplomun təqdim edilməsi mərasimi keçirilib. Nazir Əbülfəs Qarayev rejissoru təbrik edərək Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomunu ona təqdim edib. Qeyd edilib ki, Vaqif Mustafayevin ölkə Prezidenti tərəfindən diplomla təltif olunması onun yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymətdir.
Vaqif Mustafayevin rəhbərlik etdiyi "Space" telekanalı ilə Mədəniyyət və Turizm Nazirliyi arasında sıx əməkdaşlıq qurulduğunu qeyd edən Əbülfəs Qarayev mədəniyyət sahəsində birgə layihələrin həyata keçirildiyini vurğulayıb. Tanınmış rejissorun Azərbaycan kino sənətinə böyük töhfələr verdiyini deyən Nazir ona yeni-yeni sənət uğurları arzulayıb.
Öz növbəsində Vaqif Mustafayev ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını ifadə edib. Bildirib ki, sənət adamı nə qədər qiymətlidirsə, sənətkara layiqli qiymət verənlər ondan da artıq dəyərlidir.
Qeyd edək ki, fəxri diplomun Nazir tərəfindən ona təqdim edilməsinin çox xoş olduğunu vurğulayan Vaqif Mustafayev bu gün Azərbaycan mədəniyyətinin, o cümlədən kino sənətimizin dünyada tanınması istiqamətində Mədəniyyət və Turizm Nazirliyinin gördüyü işləri yüksək qiymətləndirib, bu fəaliyyətin gələcəkdə uğurla davam etdirilməsini arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB