“Ulu Öndər və incəsənət xadimləri” adlı tədbir keçirilib FOTOLAR

“Ulu Öndər və incəsənət xadimləri” adlı tədbir keçirilib FOTOLAR

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Tahir Salahovun ev-muzeyində "Ulu Öndər və incəsənət xadimləri" adlı tədbir təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, dövlət başçısının sərəncamına əsasən Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi 2013-cü ildə bütün ölkədə geniş miqyasda qeyd edilməkdədir. Bununla bağlı, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Tahir Salahovun ev-muzeyində Ulu Öndərin mədəniyyətimizin qorunması, incəsənət, mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıya, eyni zamanda da dahi sənətkar, dünya şöhrətli rəssam Tahir Salahovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev açaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin qorunub saxlanması, inkişafı və dünyada təbliğində əvəzolunmaz rolu, həmçinin bu sahədə çalışan mədəniyyət və incəsənət xadimlərinə hər zaman göstərdiyi böyük diqqət barədə danışıb. İdarə rəisi həmçinin dahi rəssam Tahir Salahovu 85 illik yubileyi ilə təbrik edərək, onun ev-muzeyinin yaradılması və fəaliyyəti barəsində qonaqlara məlumat verib.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov da çıxış edərək dahi rəssamı yubiley münasibətilə təbrik edib, xoş arzularını bildirib. Tədbirdə daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrik məktubu səsləndirilib, rəssamın sənət dostlarından Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, Bəstəkarlar ittifaqının sədri Firəngiz Əlizadə, Yazıçılar İttifaqının sədri Anar Rzayev və başqaları da çıxış ediblər.

Nəzərinizə çatdıraq ki, çıxışların ardınca görüş iştirakçılarına ilk olaraq "Ulu öndər və Tahir Salahov" adlı fotoguşə təqdim olunub.

Daha sonra M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov "Tahir Salahov. Biblioqrafiya" kitabını təqdim edib. Onu da deyək ki, bu əsər görkəmli rəssamın həyat və yaradıcılığına həsr olunmuş ilk biblioqrafik mənbədir.

Bundan başqa "Tahir Salahovun rəsmləri xalçada" adlı sərgi təqdim olunmuş, habelə "T.Salahov və Abşeron" yeni turistik marşrutun prezentasiyası keçirilib.

Qeyd edək ki, tədbirin qonaqları Tahir Salahovun zəngin və çoxşaxəli yaradıcılığından ibarət sərgi ilə də tanış olublar. Sənətkarın portret janrında yaratdığı və bəstəkarlar Dmitri Şostakoviç, Qara Qarayev, Fikrət Əmirov, şairlər Rəsul Rza, Mirzə Ələkbər Sabir, violonçel ustası Mstislav Rostropoviç və digər görkəmli mədəniyyət xadimlərinə həsr etdiyi, öz müəllifinə dünya şöhrəti gətirmiş əsərlər qonaqların böyük marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə