Xalq artisti Firəngiz Əlizadə: “Mən Röya olmaq istəyirəm” MÜSAHİBƏ
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor, xalq artisti Firəngiz Əlizadənin SİA-ya müsahibəsi:
- Firəngiz xanım, Bəstəkarlar İttifaqının sədri kimi iyirmi birinci yüzilliyin bəstəkarlarının yaradıcılığını necə qiymətləndirirsiniz?
- Müasir bəstəkarlarımızın peşəkarlıq səviyyəsi, fəallığı, yaratdığı əsərlər Azərbaycan Bəstəkarlar İttifaqının sədri olaraq deyərdim ki, məni qane edir. Yaşadığımız zamanda müasirlərimizdə belə fikir formalaşıb ki, incəsənətdə, mədəniyyətdə demokratiya ola bilməz. O zaman biz hamımız Motsart olardıq. Demokraktiya bizim münasibətlərimizdə ola bilər. Tanrı hər bir insana bir cür istedad bəxş edib. Kiminə gözəllik, kiminə idrak, kiminə isə qeyri-adi istedad verib. Bəstəkarlar, musiqişünaslar bir-birindən istedad baxımından çox fərqli olduğundan bütün bəstəkarların yaradıcılıq irsini eyni cür qəbul etmək olmaz. Hər bir yaradıcı insanın məxsusi seçimi, dünyagörüşü vardır. Azərbaycan bəstəkarlıq məktəbi bütün zamanlarda yüksək səviyyədə olduğundan mən fərəhlənmişəm, bu məni ruhlandırıb. Professional musiqimizin təməlini qoyan dahi bəstəkarımız Üzeyir Hacıbəyli 1908-ci ildə "Leyli və Məcnun" operasını tamaşaya qoyduğu zamanda artıq o tanınmış sima idi və ətrafında böyük ziyalılar cəmləşirdi. Onun məktəbindən bəhrələnən böyük bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov kimi parlaq şəxsiyyətlər sanki böyük okeandan iki çay kimi axmağa başlayır və onların da yaradıcılığından, dəsti-xəttindən müasir dövrümüzün bəstəkarları bəhrələnməyə başlayıblar. Azərbaycan bəstəkarları, onların yaratdığı əsərlər hər zaman diqqətdədir və dövlətimiz tərəfindən öz qiymətini alır. Bu gün keçirilən tədbirlərdə, konsert proqramlarında Azərbaycanın müasir bəstəkarlarının səsləndirilən əsərlərinin çox yüksək səviyyədə olması, peşəkarlığı əyani şəkildə ölkəmizdən kənarda keçirilən Azərbaycan mədəniyyət günlərində bir daha parlaq nümayiş olunur.
- Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev kimi bəstəkarların yaşadığı dövrü Azərbaycan musiqisinin qızıl dövrü adlandırırlar. Firəngiz xanım, bu qızıl dövr hələ də davam edir?
- Bilirsiniz, incəsənətin belə bir xüsusiyyəti var ki, sənətin qiymətini layiqli şəkildə alması üçün zaman tələb olunur. Kiməsə müasir dövr bəstəkarına "sən dahisən", - deyə bilmərik. Çünki onun yaradıcılığı zamanın süzgəcindən keçməlidir. Üzeyir Hacıbəyli kimi deyil, amma özünəməxsus istedada malik bəstəkarlarımız var. Dəfələrlə xarici ölkələrdə - Fransada, İtaliyada, Ukraynada konsertlər təqdim olunananda Azərbaycan musiqisinə verilən qiymətin şahidi olmuşam. Bu yaxınlarda Ukraynanın Lısinki adına Filarmoniyanın Milli Simfonik Orkestrinin 25 nəfərlik kollektivi bizim bəstəkarların əsərlərini ifa etdilər və orada zəif əsərə təsadüf olunmadı. Azərbaycanın xalq artisti Ağadadaş Dadaşovun kanon və simfonik orkestr üçün yazdığı əsəri yüksək səviyyədə ifa olundu. Onu da deyim ki, Azərbaycanda ilk dəfə belə janrda əsər bəstələnib. Bu əsəri bütün tamaşaçılar ayaq üstə alqışladılar. Azərbaycanın tanınmış bəstəkarları Sərdar Fərəcovun, Azər Dadaşovun, Cəlal Abbasovun və başqalarının əsərləri də yüksək qarşılanıb. Təvazökarlıqdan uzaq olsa da, mənim bəstələdiyim "Nağıllar" əsərim də səsləndirildi və böyük maraq doğurdu. Təbii ki, biz konsertlərimizi klassiklərimizin əsərləri ilə başlayırıq. Konsertimizdə iştirak edən Ukrayna sənətşünaslarından, bəstəkarlarından müsahibə götürülərkən Azərbaycan musiqisinin fantastik olduğunu vurğulayıblar. Mən Azər Dadaşovu çağdaş bəstəkarlar sırasında ən parlağı kimi qəbul edirəm. O, 12 simfoniyanın müəllifidir ki, müasir dövrdə bütün dünyada bu sayda simfoniya yazan bəstəkara təsadüf olunmur. Bu onun göstəricisidir ki, bu gün Azərbaycanda yüksək səviyyəli bəstəkarlarımız vardır. Bu əsərlərdə modern, novatorluq vardır. Mən deyərdim ki, bəstəkarlıqla ifaçılıq birgə addımlamalıdır. Bu, çətin bir prosesdir. Burada infrastruktur məsələsi var. Bəstəkar əsəri yazır, onu dərk edən musiqişünas, dirijor, sevə-sevə ifa edən ifaçı, eləcə də dərk edən dinləyici olmalıdır. Bizim zəmanəmizdə uşaqlara sual edirdilər ki, sən gələcəkdə kimə oxşamaq, hansı peşə sahibi olmaq istərdin? Cavab verilirdi ki, mən kosmonavt, Qara Qarayev və başqa sənət sahibi olmaq istəyirəm. İndi isə bu suala "mən Röya olmaq istəyirəm" cavabını alırıq. Ona görə də bu gün Azərbaycan bəstəkarlarının əsərlərinə qulaq asmaq, dinləmək və dərk etmək bir çoxlarına çətin, qəliz gəlir. Onu da deyim ki, bu proseslər müasir zamanda dünyanın hər bir ölkəsində yaşanılır. Kifayət qədər populyar olan Ledi Qaqa, Eminem və başqalarını nümunə göstərə bilərik. Azərbaycan da dünyanın qloballaşan bir parçasıdır.
- Etiraf edək ki, Röyaların əsərləri efirdə daha çox səslənir və elə təsəvvür yaranır ki, sanki Azərbaycanda akademik əsərlər yazılmır.
- Mən belə deməzdim. "Mədəniyyət" kanalında, Azərbaycan Filarmoniyasında, bir çox konsert salonlarında Azərbaycan bəstəkarlarının akademik əsərləri səsləndirilir. Vaxtı ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev hər ayın sonuncu cümə günü bütün aparatının əməkdaşlarını filarmoniyaya dəvət edib klassik musiqiyə qulaq asmağa çağırırdı. Bəlkə də belə bir gözəl ənənəni yenidən bərpa etmək lazımdır. Təbii ki, bu ideya təsadüfi olmayıb. Görünür, bunun arxasında önəmli amil olub. Mən özüm dəfələrlə bu konsertlərdə iştirak etmişəm və konsertin birinci və ikinci hissəsinin arasında iyirmi dəqiqə fasilə olurdu. Heydər Əliyev Maestro Niyazinin iş otağında musiqiçilərlə görüşür və çox maraqlı suallar verirdi. Yadımdadır, Çaykovskini dinlədikdən sonra Elmira Abbasovaya yanaşıb soruşdu: "Elmira xanım, doğrudur ki, Çaykovski Vaqnerin musiqisini heç qəbul etmirdi?" Bütün bunlar bizim üçün bir örnəkdir, göstəricidir. Mədəniyyətimizə qarşı diqqətdir. Biz heç vaxt deyə bilmərik ki, sən qeyri-peşəkarsan, zəif musiqi bəstələyirsən. Bildiyiniz kimi, Ələkbər Tağıyev Azərbaycan mahnı janrında ən tanımış mahnıların müəllifidir, amma peşəkar deyil. Bir balans olmalıdır. Mən həmişə demişəm ki, televiziyalarda Bədii Şuranın bərpası vacibdir. Bu, zəif musiqinin qarşısının alınmasında yeganə yoldur. Baxın, Azərbaycan bəstəkarı Tofiq Quliyevin musiqisi onilliklərdir ki, yaşayır və sevilir. Çünki o dövrdə zəif mətnin, musiqinin qəbulu mümkün deyildi. Mən insanların zövqsüz musiqini dinləməsini qəbul edə bilmirəm. Həyat çox mürəkkəbdir. İnsanların dünyagörüşləri müxtəlif, fərqlidir. Biz bu gün kosmosu öyrənirik, maraqlı həyatdır. Yeni planetlər açılır, kəşflər olur və başqa musiqiçi hər şeyi hiss etməli, həssas olmalıdır. Əgər qeyri-peşə sahibi olsaydım, dünyada gedən proseslərə reaksiya verməyə bilərdim. Amma mən bəstəkaram, hiss etməsəm gözəl əsər yarana bilməz. Təbii ki, cəmiyyətdə çox müxtəlif insanlar var, müxtəlif missiya daşıyıcılarıdır və onlara hörmətlə yanaşılmalıdır. Bizim bəzi estrada müğənniləri var ki, öz şəxsi həyatlarını, məişətini, maddi imkanını, həyat tərzini efir vasitəsi ilə göstərirlər. Təbii ki, müğənnilər səhnəyə çıxırlar, o zaman gözəl olmalıdırlar. Amma səhnədən sonra sıradan biri olmaq onlara sevgini artırmış olar. Dünya şöhrətli Maddona səhnə həyatından sonra sadə görkəmdə olur. Ən yüksək mədəniyyət elə budur.
- Sizə uğur gətirən əsər hansı olub?
- Mənə ən böyük uğur gətirən əsərim "Habilsayağı" olub. Bu əsər 11 dəfə müxtəlif firmalarda dünyanın ən məşhur, virtuoz violençel çalanlarının ifasında kompakt disklərə yazılıb. Bu əsəri bütün dünya musiqisevərləri dinləyib. Dünyanın bütün konservatoriyalarının dərsliklərinin proqramına daxil edilib. "Muğamsayağı" isə il ərzində 1.113.191 dəfə ifa olunub. Bunu Türkiyədə, "Habilsayağını" isə Azərbaycanda bəstələmişəm. Deyim ki, "İntizar" operam da mənə uğur gətirib. Operanın mövzusu Qarabağdan götürülüb. Onun əsasında film-opera çəkilib. Yaradıcılıq planlarıma gəlincə isə deyim ki, bir çox tanınmış kollektivlər tərəfindən sifarişlər almışam. Fransanın "Sarban" ansamblının və Litvanın məşhur xor kollektivinin birgə təşəbbüsü ilə 21–ci əsrin fəlsəfəsi, dinlərin qovuşması mövzusunda əsər bəstələyəcəyəm. Təbii ki, belə mövzuda əsər yaratmaq vaxt tələb edir. Hesab edirəm bu da mənim yaradıcılığıma uğurlu səhifə kimi daxil edilən əsər olacaq. Bilirsiniz, Bəstəkarlar İttifaqının sədri vəzifəsində çalışmağım mənə bir çox nailiyyətlər bəxş edib. Mən bütün bəstəkarlarımızla təmasda oluram. Bu münasibətlərdən çox məmnunam.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB