Xalq artisti Mirzə Babayevin 100 illik yubiley gecəsi keçirilib

Xalq artisti Mirzə Babayevin 100 illik yubiley gecəsi keçirilib

Heydər Əliyev Sarayında görkəmli müğənni, xalq artisti Mirzə Babayevin 100 illik yubiley gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, gecədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçısı Elçin Əfəndiyev, tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbir barədə jurnalistlərə müsahibə verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölməz sənətkarın həyat və yaradıcılığından, bənzərsiz sənət dünyasından söz açıb: "Mirzə Babayevin keçdiyi yol Azərbaycan mədəniyyəti tarixinin mühüm hissəsini təşkil edir. Mirzə Babayev memarlıq təhsili almasına baxmayaraq onun musiqiyə sevgisi o dərəcədə böyük olub ki, o, bu sahəni seçib. Mirzə Babayev dahi Bülbülün sinfinə daxil olub, musiqinin incəliklərini öyrənib. Ölməz sənətkarımız Azərbaycaanın görkəmli bəstəkarlarını mahnılarını ifa edib. Onun həm də çox gözəl aktyorluq qabiliyyəti olub. O, müxtəlif vaxtlarda çəkildiyi filmlər müğənninin xalq arasında şöhrətini daha da artırıb. Aktyorun "Dərviş Parisi partladır", "Dəli Kür", "Romeo mənim qonşumdur", "Telefonçu qız", "Qorxma, mən səninləyəm", "Bəyin oğurlanması" və başqa filmlərdə yaratdığı rəngarəng obrazlar kino sənətimizin ən şərəfli səhifələrinə yazılıb. O, müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Görkəmli müğənnin radionun qızıl fondunda saxlanan xeyli sayda mahnıları var".

Gecədə tamaşaçılara sənətkarın oxuduğu mahnılardan, çəkildiyi filmlərdən parçalar təqdim edilib.

Qeyd edək ki, Mirzə Babayev Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərində dünyaya gəlib. İlk təhsilini M.Əzizbəyov adına Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində alan ölməz sənətkar Bakıda ("Nizami" muzeyi) və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. Müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində müharibədən qayıdan zaman görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb. Azərbaycan Respublikasının əməkdar artisti və xalq artisti fəxri adlarına layiq görülmüş, iki dəfə "Humay" mükafatı laureatı olub. Xalq artisti Mirzə Babayev 2003-ci il yanvarın 13-də, ömrünün 90-cı ilində vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə