AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Yunis Əmrə Türk Kültür Mərkəzinin birgə təşkilatçılığı ilə noyabrın 28-də Türkiyə Cümhuriyyəti Baş nazirliyi nəzdindəki Dövlət arxivlərinin baş müdirin köməkçisi Mustafa Budak Əlyazmalar İnstitutuna gələcək, burada görülən işlərlə tanış olacaq, müştərək görüləcək işlər barədə razılığa gəlinəcək.
İnstitutdan SİA-ya verilən məlumata əsasən, M.Budaq Əlyazmalar İnstitutu əməkdaşları ilə görüşəcək, öz sahəsində görülən işlər, iş təcrübəsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanları, barədə çıxış edəcək. Bu görüşün Türkiyədən Azərbaycana dair sənədlərin əldə edilməsində, istifadəsində yeni bir mərhələnin başlanğıcı olması gözlənilir.
NƏZAKƏT
Aşıq sənətində Aşıq Şəmşir mərhələsi
AMEA Folklor İnstitutu və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi 5-6 dekabr 2013-cü ildə Bakı şəhərində "Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi" mövzusunda beynəlxalq elmi konfrans keçirir. Konfransın təşkilat komitəsinin sədri, filologiya üzrə elmlər doktoru, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanovun SİA-ya verdiyi məlumata görə, konfransın keçirilməsində məqsəd folklorumuzun ən qədim və zəngin qollarınından birini aşıq yaradıcılığını geniş şəkildə təbliğidir: "Aşıqlarımızın söylədiyi dastanlarda, oxuduqları mahnılarda, çaldıqları havalarda, hətta ifa etdikləri rəqslərdə miflərimizin, nağıllarımızın, ata sözlərimizin, tapmacalarımızın və b. janrların izinə rast gəlirik. Şəcərəsi Miskin Abdal soyundan başlanan, el şairi Ağdabanlı Qurbanın oğlu Aşıq Şəmşir klassik aşıq şeirinin əksər janr və formalarında mükəmməl nümunələr yaradıb. Aşıq Şəmşirin irsi yalnız Azərbaycanın deyil, Türk xalqlarının və onlarla eyni mədəni məkanda yaşayan qonşu xalqların da filoloq və musiqişünas alimləri üçün maraqlı və dəyərli tədqiqat obyektidir".
NƏZAKƏT
"Azərbaycan dilçiliyi müntəxəbatı"
Çapdan çıxan üçcildlik Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunub
Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda müvafiq qurumlar, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu qarşısında müəyyən tələblər qoyulub. Qarşıya qoyulan vəzifələrin reallaşdırılması məqsədi ilə Dilçilik İnstitutu tərəfindən iş planı hazırlanıb. İnstitut tərəfindən bu istiqamətdə icra olunan ilk sanballı layihə "Azərbaycan dilçiliyi müntəxəbatı" üçcildliyidir. Azərbaycan dilçilik elminin nadir inciləri toplanmış kitab ilk növbədə dilçi alimlərimizin qazandığı uğurları ehtiva edir.
Xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində işıq üzü görən kitab Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunub.
Kitabın birinci cildi "Azərbaycan dilçiliyi tarixi: Mahmud Kaşğarlıdan I Türkoloji Qurultaya qədər", ikinci cildi "Azərbaycan dilçiliyi tarixi: I Türkoloji Qurultaydan XX əsrin 60-cı illərinə qədər", üçüncü cildi isə "Azərbaycan dilçiliyi tarixi: XX əsrin 60-cı illərindən günümüzə qədər" dövrü əhatə edir.
Qeyd edək ki, kitab akademik Ağamusa Axundovun və AMEA-nın müxbir üzvi Kamal Abdullanın rəhbərliyi altında, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəllinin ümumi redaktəsi ilə işıq üzü görüb.
NƏZAKƏT
Bakı Turizm Peşə Məktəbinin fəaliyyəti gücləndiriləcək
Noyabrın 25-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi yanında Bakı Turizm Peşə Məktəbində Təhsil-Təlim Mərkəzinin açılışı oldu.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək layihənin əhəmiyyətindən danışıb.
Qeyd edib ki, 13 noyabr 2012-ci il tarixində "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" adlı iki illik layihənin iki qurum arasında birgə həyata keçirilməsinə dair müqavilə imzalanıb: "Layihənin əsas məqsədi turizm sektorunda peşəkar kadrların hazırlanması üçün Bakı Turizm Peşə Məktəbinin fəaliyyətinin gücləndirmək, eləcə də məktəb məzunlarının xidmət sahəsində peşəkarlığını artırmaqdır".
Nazir bildirib ki, layihə çərçivəsində yerli və xarici ekspertlər tərəfindən Bakı Turizm Peşə Məktəbinin müəllim heyəti üçün ixtisasartırma, tələbələri üçün isə ixtisas üzrə müvafiq təlim kurslarının, eləcə də Bakıda fəaliyyət göstərən mehmanxana və iaşə obyektlərinin nümayəndələri üçün xidmət sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. Keçiriləcək ilk təlimlərə Türkiyə və Ukraynadan turizm xidməti sahəsində peşəkar ekspertlər dəvət olunub.
NƏZAKƏT
Nizami Gəncəviyə həsr olunmuş toplantı keçiriləcək
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cari ilin dekabr ayında Avstraliyada keçiriləcək İdarə Heyətinin IV toplantısı çərçivəsində Melbrun Universitetində Nizami Gəncəvi və onun irsinə həsr olunmuş toplantı təşkil edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata istinadən Melbrun Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəviyə məxsus olan çoxlu sayda orijinal əlyazmalar mövcuddur və dünyada ilk dəfə əlyazmaların səsli DVD açıqlamaları hazırlanıb. O cümlədən Melbrun Universiteti artıq 2 dəfə əlyazmalar üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib.
Toplantı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Melbrun Universitet kitabxanası arasında birgə əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkili və alimlərə hər iki qurumun arxivlərini araşdırmaq şəraitinin yaradılması, həmçinin mövcud əlyazmaların elektron nüsxələrinin yaradılması sahəsində Əməkdaşlıq Memorandumu da imzalanacaq.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB