Bu gün Üzeyir Hacıbəyovun anım günüdür

Bu gün Üzeyir Hacıbəyovun anım günüdür

Bu gün Üzeyir bəy Hacıbəyovun anım günüdür. SİA-nın verdiyi xəbərə görə, Üzeyir Hacıbəyov 18 senytabr 1885-ci ildə (Ağcabədi k.) anadan olub. Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı,Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservotoriyasının rektoru (1928-1929, 1939-1948),Azərbaycan E.A İncəsənət İnstitutunun direktoru (1945-1948) vəzifəsində çalışıb.

Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar. Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirib. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş çəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər. Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərib. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olub.

O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürüb. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.

Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs demiş, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirib

Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlayıb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib.

Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazıb.

Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909),"Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir.

Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə etmişdir.

O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazmışdır). Onun "Ər və arvad" (1909), ilk tamaşası: 1910 "O olmasın, bu olsun" (1910 ilk tamaşası:1911), "Arşın mal alan" (1912) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapıb. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynamış, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaradıb.

Hacıbəyov 1921-ci ildəBakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini –Azərbaycan Dövlət Türk Musiqi Məktəbini (sonralar texnikum) təşkil edib.

1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaradıb.

O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk "Azərbaycan türk el nəğmələri" məcmuəsini nəşr etdirib. Hacıbəyov 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri təşkil edib.

1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H.İsmayılov və Məmməd Səid Ordubadidir) Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaradıb.

O, "Koroğlu" operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olub.

Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib.

Hacıbəyov həm də böyük musiqişünas alim idi. O, müasir Azərbaycan elmi musiqişünaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparıb.

Qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəyov 23 noyabr 1948-ci ildə Bakıda 63 yaşında dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə