Bakı Turizm Peşə Məktəbində Təhsil-Təlim Mərkəzinin açılışı olacaq

Bakı Turizm Peşə Məktəbində Təhsil-Təlim Mərkəzinin açılışı olacaq

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTIP) birgə layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi yanında Bakı Turizm Peşə Məktəbində turizm sahəsi üzrə peşəkar kadrların hazırlanması üçün Təhsil-Təlim Mərkəzinin açılışı olacaq. SİA-nın verdiyi xəbərə görə, 13 noyabr 2012-ci il tarixində "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" adlı iki illik layihənin iki qurum arasında birgə həyata keçirilməsinə dair müqavilə imzalanıb.
Layihənin əsas məqsədi turizm sektorunda peşəkar kadrların hazırlanması üçün Bakı Turizm Peşə Məktəbinin fəaliyyətinin gücləndirilməsi və məktəb məzunlarının xidmət sahəsində peşəkarlığının artırılması ilə bu sahədə rəqabətə davamlılığı yüksəltməkdir. Layihə çərçivəsində Bakı Turizm Peşə Məktəbinin idarəetmə sistemi gücləndiriləcək, onun tədris və təlim planları təkmilləşdiriləcək. Layihədə turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə ixtisaslı kadrların hazırlanması, yerli xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə mövcud problemlərin həll edilməsinə yardım nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, layihə çərçivəsində yerli və xarici ekspertlər tərəfindən Bakı Turizm Peşə Məktəbinin müəllim heyəti üçün ixtisasartırma, tələbələri üçün isə ixtisas üzrə müvafiq təlim kurslarının, eləcə də Bakıda fəaliyyət göstərən mehmanxana və iaşə obyektlərinin nümayəndələri üçün xidmət sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlərdən yüksək nəticə əldə etmək məqsədilə praktiki dərslərin müvafiq avadanlıqlarla təchiz olunmuş otaqlarda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 25 noyabr tarixindən başlayacaq ilk təlimlərə Türkiyə və Ukraynadan turizm xidməti sahəsində peşəkar ekspertlər dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə