İki dövlət teatrları arasındakı mehriban münasibətlər FOTOLAR

Akademik Milli Dram Teatrında mətbuat konfransı keçirilib
İki dövlət teatrları arasındakı mehriban münasibətlər FOTOLAR

Akademik Milli Dram Teatrında İran İslam Respublikasının teatr xadimləri ilə birgə mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransında Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, İran Teatr İdarəsinin baş müdiri Qader Aşna, baş müdirin müavini Mehdi Şafiei, Tehran Şəhər Teatrının direktoru Atabək Naderi iştirak ediblər.

Tədbiri giriş sözü ilə İsrafil İsrafilov açaraq iki dövlət teatrları arasındakı mehriban münasibətlərdən danışıb: "3 ildir ki, teatrımız təmirdən ayrılıb istifadəyə verilib. Bu müddət ərzində Akademik Milli Dram Teatrı böyük yol keçib. Biz Beynəlxalq festivallarda da yüksək səviyyədə iştirak edirik. Bizim heyətin tamaşası 2 dəfə Tehran teatrda nümayiş olunub. Onu da xüsusilə söyləyim ki, İran tamaşaçılarının teatra marağı hədsiz çoxdur. Hətta yerdə oturub tamaşanı izləyənlərin də sayı kifayət qədər idi. Ümid edirəm ki, bizim ikitərəfli əlaqələrimiz bundan sonra da davam edəcək".

Daha sonra isə İran Teatr İdarəsinin baş müdiri Qader Aşna tədbir təşkil edənlərə dərin minnətdarlığını bildirib: "Bizim Azərbaycanla mədəniyyət, tarix sahəsində əlaqələrimiz var. Ümid edirik ki, bu əlaqələr daha da inkişaf edər. Azərbaycan teatr xadimləri tez-tez Təbrizə, Tehrana, İsfahana səfərlər edirlər. Bundan sonra da əlaqələrimizin ömrünün uzun olacağını düşünürəm. Gələcəkdə bizim teatrların qastrol səfərləri olacaq, ustad dərsləri təşkil edəcəyik. İranda 200 min incəsənət xadimi var. Onu da deyim ki, İranda özəl teatrlar demək olar ki, yoxdur".

Qeyd edək ki, sonda İran Teatr İdarəsinin baş müdiri Qader Aşna Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova İran teatrını əks etdirən xüsusi rəsm hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə