Bu gün Fikrət Əmirovun doğum günüdür FOTOLAR

Bu gün Fikrət Əmirovun doğum günüdür FOTOLAR

Bu gün Azərbaycan xalqının dahi bəstəkarı Fikrət Əmirovun 91 yaşı tamam olur. SİA-nın verdiyi xəbərə görə, Fikrət Məşhədi Cəmil oğu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olub. Atası Məşhədi Cəmil Əmirov Şuşanın məşhur muğam ustası və tarzəni olub. Fikrət Əmirov ilk musiqi təhsilini Kirovabad Gəncə musiqi məktəbində alıb. Bitirdikdən sonra, o, Bakıya köçüb, orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfində təhsil alıb. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına, professor B.İ. Zeydmanın bəstəkarlıq sinfinə daxil olub. Fikrət Əmirov Dövlət Konservatoriyasında təhsil aldığı illərdə artıq yaxşı bəstəkar kimi tanınıb: "Ürək çalanlar" (M.S. Ordubadi) və "Gözün aydın" operettalarına musiqi bəstələmiş, fortepiano əsərləri, variasiyalar yazıb. Böyük Vətən müharibəsi Fikrət Əmirovun təhsilini yarımçıq qoyur və bir çox incəsənət xadimləri kimi o da müharibəyə gedib. 1944–cü ildə Bakıya qayıdan Əmirov təhsilini davam etdirir. Azərbaycanda ilk dəfə simfonik muğam 1948-ci ildə Fikrət Əmirov tərəfindən yazılıb. Yaşadığı illərdə Fikrət Əmirov bir çox mükafatlara və fəxri adlara layiq görülüb. Bəstəkar SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, SSR Elmlər Akademiyasının müxbir üzvü olub. O, SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqları İdarə Heyətinin katibi, SSRİ Ali Sovetinin deputatı vəzifəsinə layiq görülüb. Əmirov bir neçə il Azərbaycan opera və Balet teatrına rəhbərlik edib. Milli musiqi sənəti qarşısındakı böyük xidmətlərə görə, Lenin ordeni ilə təltif edilib. Fikrət Əmirov demək olar ki, musiqinin bütüb janrlarında uğur qazanıb. "Ulduz" və "Sevil" operaları, "Şur", "Nəsimi dastanı", "Xəzəri fəth edənlər", "Min bir gecə" və "Nizami" baletləri, "Ürəkçalan", "Xoş xəbər", "Gözün aydın" operettalarının müəllifidir.

Qeyd edək ki, Fikrət Əmirov 20 fevral 1984-cü ildə Bakıda vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə