I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib

Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov, Beynəlxalq Festivallar Təşkilatının sədri Aleksandr Kammel, münsiflər heyətinin sədri Azər Qərib iştirak edərək, jurnalistlərə festival barəsində məlumat veriblər və onların suallarını cavablandırıblar.

Yusif Şeyxov bildirib ki, festivala beynəlxalq səviyyədə maraq böyükdür: "Festivala dünyanın müxtəlif ölkələrindən filmlər təqdim olunub. Festivalla bağlı təxminən 7000 məktub daxil olub və bir o qədər də məktuba cavab verilib. Onu da deyim ki, bu ildən Azərbaycan Beynəlxalq Turizm Filmləri Festivalına üzv qəbul olunub".

Münsiflər heyətinin sədri Azər Qərib bildirib ki, turizm filmləri festivalları dünyanın müxtəlif ölkələrində keçirilsə də, azərbaycanlı rejissorların filmləri həmin festivallarda az təmsil olunur: "Belə festivallar müxtəlif ölkələrdə keçirilir. Təəssüf ki, dünyada keçirilən film festivallarına bizim filmlər az göndərilir: "İnanıram ki, azərbaycanlı rejissorlar bundan sonra beynəlxalq turizm filmləri festivalına daha çox maraq göstərəcəklər".

Daha sonra A. Kammel Azərbaycanın təbiətinin, mətbəxinin gözəlliyini vurğulasa da, Azərbaycanda tətbiq olunan viza rejimindən narazılıq edib: "Sizin ölkənizdə viza problemi var. Və deyim ki, ümumiyyətlə, bu sistem çox mürəkkəbdir. Ümid edirəm ki, viza sadələşdiriləcək və turistlərin gediş-gəlişi asanlaşacaq. Əminik ki, gözəl filmlər nümayiş olunacaq və tamaşaçılar da maraqla izləyəcəklər".

Qeyd edək ki, 7 nominasiya üzrə keçirilən festivala ümumilikdə 38 ölkədən 140 rejissor tərəfindən 215 film təqdim olunub. Azərbaycandan 14 rejissor film təqdim edib. I yerə qızıl mükafat-diplom, 2000 avro, II yerə gümüş diplom- mükafat, III yerə isə bürünc mükafat-diplom veriləcək. Festivalın ən yaxşı filminə isə "Qran Pri" - diplom və 4000 avro pul ilə mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə