Bakı növbəti tədbirə ev sahibliyi edəcək

Bakı növbəti tədbirə ev sahibliyi edəcək

Bakıda Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunmasi üzrə Konvensiyanın 10 illik yubileyi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Hökumətlərarası Komitənin bu dəfəki sessiyasına beynəlxalq ictimaiyyət, media və iştirakçıların daha böyük həvəs və marağı hiss olunur.

Bu il Bakı ev sahibi olaraq Konvensiyanın beynəlxalq səviyyədə keçirilməsinə cavabdehlik daşıyır. Sessiya öz işinə 2 dekabr tarixində başlayır və onun gündəliyində duran əsas məsələ Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısı və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı üzrə qərar verilməsidir. Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısında Azərbaycanın qədim Çövkən oyunu yer alıb.

Son onilliklər ərzində qeyri-maddi mədəni irsin əhəmiyyəti və Qeyri-Maddi Mədəni İrs üzrə 2003-cü il Konvensiyası dünyada geniş auditoriya tərəfindən qəbul olunur. Bu Konvensiya 195 ölkənin 155 üzvü tərəfindən yüksək göstərici ilə qəbul edilmişdir və onun 10 illik yubiliyenin bu ilə təsadüf etməsi tədbirin əhəmiyyətini daha da artırır.

Nəzərinizə çatdıraq ki, Konvensiyanın qəbulu mədəni müxtəlifliyin təşviqində, beynəlxalq strategiyaların inkişaf etdirilməsində əsas mərhələ olmuşdur, belə ki, beynəlxalq cəmiyyət ilk dəfə olaraq mədəni təzahür və ifadələrin qorunması ehtiyaclarını tanıyıb. Konvensiyanın 10 illik yubileyi ilə əlaqədar 2013-cü ilin əvvəllərində qeyri-maddi mədəni irsin qorunması ilə bağlı aidiyyəti tərəfdaşların yerli, regional və beynəlxalq səviyyədə təşkil etdiyi tədbirlər və fəaliyyətləri haqqında məlumatları dünya ictimaiyyəti ilə paylaşmaları üçün platforma yaradılıb. Bu münasibətlə beynəlxalq konfrans isə 14-16 iyun 2013-cü il tarixində Çinin Çenqdu şəhərində keçirilib.

Tədbirlər yekunlaşdırıldıqdan sonra dekabrın 8-də qonaqlara Qobustan Dövlət Tarix və Bədii Qoruğu, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Azərbaycan İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, İçəri Şəhər və Bakının görməli yerlərinə səyahət planlaşdırılıb.
YUNESKO-nun Beynəlxalq əhəmiyyətli bu tədbiri Azərbaycanın zəngin mədəni irsinin qorunması eyni zamanda ölkəmizin mədəniyyət və turizm imkanlarının təbliğ olunması və ölkəmizə marağın artırılması baxımından əhəmiyyətli hadisədir.

Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunmasi üzrə Konvensiyanın 10 illik yubileyinə hazırlıq məqsədi ilə iclas keçirilib.

İclasda təşkilat komitəsinin üvzləri ilə yanaşı təşkilati işlərə cəlb olunmuş digər dövlət orqanlarının da nümayəndələri iştirak edib. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti və YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti və qayğısı sayəsində Azərbaycan - YUNESKO münasibətləri son illərdə yüksək sürətlə inkişaf edir.

Qeyd edək ki, Ə.Qarayev sessiyanın proqramı və nəzərdə tutulan mədəni tədbirlər barədə iştirakçılara məlumat verilmiş, sessiyada 106 ölkənin 650-dən artıq nümayəndəsinin iştirak edəcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə