Bu gün xalq artisti Bilal Əliyevin ad günüdür. SİA-nın verdiyi xəbərə görə, xalq artistinin 54 yaşı tamam olur.
Bilal Şahşirin oğlu Əliyev 1959-cu il noyabrın 18-də anadan olub. 1982-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunun "Xanəndə" fakültəsinə daxil olub, 1986-cı ildə texnikumu müvəffəqiyyətlə bitirib. Əmək fəaliyyətinə həmin ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı vəzifəsi ilə başlayıb. 1990-cı ildən 1993-cü ilədək "Tərəqqi" mühəndis-kompüter mərkəzində, "İlkin" studiyasında vokalçı vəzifəsində çalışıb. 1993-cü ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı kimi fəaliyyət göstərir.
O, Türkiyənin Ankara, İstanbul, Kırıkkale və digər şəhərlərində keçirilən festivallarda, Avstriyanın Vyana şəhərində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Ukraynanın Kiyev şəhərində keçirilən "Azərbaycan Mədəniyyəti Günləri" və "Azərbaycan Musiqisi Gecələri"ndə çıxış edib, Azərbaycan musiqi mədəniyyətini təmsil edib.
Bundan başqa B.Əliyev Almaniyanın yenidən birləşməsinin X ildönümünə həsr olunmuş EKSPO–2000 sərgisinin rəsmi dəvəti ilə Almaniyada, Azərbaycan Respublikasının Avropa Şurasına qəbul edilməsinin I ildönümü münasibəti ilə Fransanın Strassburq şəhərində keçirilən tədbirlərdə öz məlahətli səsi ilə Azərbaycan musiqisini yüksəklərə qaldırıb.
Son illərdə B.Əliyev Almaniyanın Mayns şəhərində və Moskvada "Azərbaycan Mədəniyyəti günləri"ndə, Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmiş, Azərbaycan musiqisini tərənnüm edib.
Bilal Əliyevə Azərbaycan Prezidentinin 28 oktyabr 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar artist", Azərbaycan prezidentinin 2 iyul 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları verilib.
Qeyd edək ki, xalq artisti Bilal Əliyev onu təbrik edənlərə öz təşəkkürünü bildirməyi də unutmayıb: "Bütün dostlarımı ürəkdən salamlayıram. İndi bütün ailə üzvlərimlə birgə atamın yanında Salyandayam. Məni təbrik edən hər kəsə dərin minnətdarlığımı bildirirəm".





.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB