Bu gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Azərbaycanın xalq rəssamı Lətif Kərimovun anadan olması münasibəti ilə tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, qədim el sənəti növlərindən olan çətən ustası, Lətif Kərimovun tələbəsi Tarier Bəşirov, Azərbaycan Turizm İnstitutunun, Bakı Humanitar Kollecin, İdarəetmə və Texnologiya Kollecinin müəllim və tələbə heyyəti, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva Lətif Kərimov haqda fikirlərini söyləyib: "Mən sevinirəm ki, Lətif Kərimov mənim müəllimim olub. Mən həm onun şagirdi, həm də həmkarı olmuşam. Lətif Kərimov ömürünü Azərbaycan mədəniyyətinə, incəsənətinə həsr etmiş bir sənətkardır".
Daha sonra isə Lətif Kərimovun tələbəsi Tarier Bəşirov çıxış edib: "Lətif müəllim hər zaman xalça haqqında maraqlı söhbətlər edirdi. O, daima çalışırdı ki, biz tələbələrinə xalçanın bütün sirlərini öyrədə bilsin. Lətif müəllimin dərslərində oturanlar özündən asılı olmadan bu sənətə bağlanıb, xalçalar haqqında ətraflı məlumat öyrənirdilər".
Nəzərinizə çatdıraq ki, Lətif Kərimov 1906-cı ildə Azərbaycanın Qarabağ mahalının Şuşa şəhərində anadan olub. Onların nəsli – bütün "Allahverənlər" tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olub. Şuşa şəhərində "Qarabağxalça" artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənib. Xalça sənətinə beş yaşında ikən anasının toxuduğu xalçaya gizlincə ilmə vuraraq həvəs göstərən ilmələr, naxışlar ustadı illər ötdükcə bu işə ömürlük bağlayıb. Məhz ölməz sənətkar ilk dəfə Azərbaycan xalçalarını tam olaraq tədqiq etmiş, onları növlərə, qruplara, məktəblərə ayırıb. Onun müəllifi olduğu 3 cildlik "Azərbaycan xalçası" kitabı xalça sənətinin hərtərəfli tədqiqinə həsr edilmiş, zəngin bədii irsimizin öyrənilməsi və mənimsənilməsi işinə qiymətli hədiyyə olub. Dünyada ilk xalça muzeyinin Azərbaycanda açılmasında Lətif Kərimovun təşəbbüsü və böyük zəhməti olub.
Qeyd edək ki, Lətif Kərimov 1991-ci ildə vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB