Akademik Milli Dram Teatrı yeni layihə həyata keçirir FOTO

Akademik Milli Dram Teatrı yeni layihə həyata keçirir FOTO

Akademik Milli Dram Teatrı yeni layihə həyata keçirir. SİA-nın verdiyi xəbərə görə, teatrda xeyriyyə məqsədi ilə tamaşalar nümayiş olunur. Teatrın həyata keçirdiyi yeni layihə uşaq evlərində olan azyaşlıların teatra cəlb olunması məqsədini daşıyır. Akademik Milli Dram Teatrı hər həftə uşaq evləri üçün pulsuz tamaşa oynayır, beləliklə də bu uşaqların teatr sənətinə cəlb edilməsini, onların mənəvi tərbiyəsinə yardımçı olmağı hədəfləyir. Ötən həftə Akademik Milli Dram Teatrında Bakının ətraf rayonlarında yerləşən uşaq evləri üçün "Danışan gəlincik" (A.Şaiq) və "Qaraca qız" (S.S.Axundov, səhnələşdirən A.Şaiq) tamaşaları nümayiş olunub. A.Şaiqin eyniadlı əsəri əsasında hazırlanan "Danışan gəlincik" nisbətən kiçik yaş qrupları üçün, "Qaraca qız" tamaşası isə orta və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub. Hər iki tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti Loğman Kərimovdur. Tamaşalarda Akademik Milli Dram Teatrının aktyorları çıxış edir.

Tamaşadan sonra teatrın foyesində aktyorlarla görüş təşkil edilib, viktorinalar, oyunlar keçirilib, uşaqlara müxtəlif hədiyyələr paylanıb. Uşaqlar sevimli aktyorları ilə fotoşəkillər çəkdiriblər. Xatirələrinə əbədi həkk olunan həmin gün əsl uşaqlar üçün hadisəyə, bayrama çevrilib. Akademik Milli Dram Teatrı gələcəkdə də bu istiqamətdə işlərini davam etdirməyi planlaşdırır.

"Ailə, qayğısından məhrum olan uşaqlar bir növ, mədəni proseslərdən, o cümlədən teatr prosesindən də təcrid olur. Buna görə də, biz bu işə xüsusi önəm verir, uşaq evlərində böyüyən uşaqların və yeniyetmələrin teatr işinə cəlb olunmasına, onların estetik tərbiyəsinə, gələcəkdə cəmiyyətimiz üçün faydalı vətəndaş, şəxsiyyət kimi böyüməsinə çalışırıq. Erkən yaşlarda uşaqların mədəniyyətə, yaradıcılıq prosesinə qoşulması onların mənəvi-estetik tərbiyəsində çox mühüm rol oynayır.

Bu tipli layihələr epizodik xarakter daşımasın. Valideyn qayğısandan məhrum olan uşaqların qayğısına qalmaq, onları aktiv şəkildə mədəni prosesə qoşmaq üçün əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının mənəvi borcudur. Ona görə də, digər teatrlar, səlahiyyətli orqanlar, müəssisə və təşkilatlar, o cümlədən media bu prosesə qoşulsa, başladığımız iş daha mütəşəkkil və sistemli xarakter daşıyar. Biz öz məhdud imkanlarımız çərçivəsində bacardığımızı etməyə hazırıq. Amma yaxşı olardı ki, bu proses daha geniş, ictimai miqyas alsın, bölgələrdə də anoloji layihələr həyata keçirilsin. Ümid edirik ki, təşəbbüsümüzə digər teatrlar və əlaqəli təşkilatlar da dəstək olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə