Məcnun Kərimin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək

Məcnun Kərimin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək

Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Məcnun Kərimin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, tədbir noyabrın 15-i saat 16:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində baş tutacaq.

Nəzərinizə çatdıraq ki, Məcnun Təbriz oğlu Kərim 1945-ci il sentyabrın 1-də Zəngəzur mahalının Şəki kəndində anadan olub. 1972-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) "Xalq çalğı alətləri" şöbəsini bitirib. 1991-ci ildən Bakı Musiqi Akademiyasının "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" elmi laboratoriyasının müdiri vəzifəsində çalışıb. 1995-ci ildə "Azərbaycanın qədim simli çalğı alətləri" (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib. Azərbaycanın qədim musiqi alətləri haqqında bir çox tədqiqatların müəllifidir, 10-dan çox qədim musiqi alətimizi bərpa edib, bu mövzuda beynəlxalq simpoziumlarda çıxış edib. 1996-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim Musiqi Alətləri Ansamblını yaradıb, bu kollektivlə musiqi sənətimizin təbliğinə töhfələr verib.

Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərinə görə 2006-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2011-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Qeyd edək ki, Məcnun Kərim 2013-cü ildə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə