Tovuz Rayon Mədəniyyət Evində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi (AAB) və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Əməkdar Mədəniyyət İşçisi, ustad aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olunub. SİA-nın verdiyi xəbərə görə, yeniyetmə aşıqların çıxışı ilə başlanan tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov tədbir iştirakçılarını yubiley münasibətilə təbrik edib. Yubiley tədbiri filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin aparıcılığı ilə davam etdirilib.
Tədbirdə aşıq Əkbər Cəfərovun yaradıcılığından söhbət açılıb. Bildirilib ki, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Əkbər Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində doğulub. El sənətkarı dəfələrlə Bakıda və Moskvada keçirilən festivalların qalibi, qurultayların nümayəndəsi olub.
Çıxış edənlər aşığın çoxsahəli yaradıcılığından, onun ifaçılıq məharətindən danışıblar. Bildirilib ki, Aşıq Əkbər Cəfərov həm də yaradıcı aşıq idi. Onun "İşıqlı tellər", "Saz danışanda", "Söz qanana qurban olum" adlı şeirlər kitabları işıq üzü görüb.
Nəzərinizə çatdıraq ki, tədbirdə Tovuz aşıq məktəbinin yetirmələrindən aşıq Firudin Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru aşıq Samirə Əliyeva, aşıq Hakim Azaflı, aşıq Əli Quliyev, Şirvan aşıq məktəbinin yetirməsi aşıq Əli Taptıqoğlu, Göyçə aşıq məktəbinin yetirməsi Şöhrət Kərimov və başqalarının ifasında görkəmli el sənətkarının sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.
Qeyd edək ki, görkəmli aşıq yaradıcılığının çiçəkləndiyi bir vaxtda 1990-cı ildə 57 yaşında vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB