Dövlət Bayrağı və Konstitusiya Gününə həsr olunan tədbir keçirilib

Dövlət Bayrağı və Konstitusiya Gününə həsr olunan tədbir keçirilib

Bu gün İstiqlal muzeyinin ekspozisiyasında 9 noyabr- Dövlət Bayrağı və 12 noyabr- Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, təbdbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, muzeyin elmi-ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova, Bakı Dövlət Universitetinin tələbələri, Prezident Qvardiyasının və Daxili Qoşunlarının əsgərləri, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Fəridə Şəmsi bu günün mahiyyətini diqqətə çatdırıb: "Heç bir dövləti konstitusiyasız təsəvvür etmək mümkün deyil. Bizim gələcəyimiz gənclərin əlindədir. Buna görə də hər zaman müxtəlif tədbirlər keçirib, gəncləri dəvət edirik".

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov bildirib ki, Konstitusiyanın əsas vəzifəsi özbaşınalığı aradan qaldırmaq və insanların hüquqlarını müdafiə etməkdən ibarətdir. Onu da deyim ki, Sovetləşmə başa çatdıqdan sonra Azərbaycanda 3 dəfə (19 may 1921, 14 mart 1937, 21 aprel 1978) Konstitusiya qəbul olunub.

Qeyd edək ki, 17 noyabr 2009-cu il tarixli sərəncam ilə 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin əsas qanunu – Konstitusiyasını qəbul edib. Həmin gün Konstitusiya Günü kimi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə