Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndəri, müasir Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirən, əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabit kimi uzun müddət qulluq edib. 1921-ci ildə Sakarya Meydan Müharibəsindən sonra "Qazi" adını almış və ona ali marşal rütbəsi verilib. SİA-nın verdiyi xəbərə görə, ömrünün sonuna qədər 4 dəfə Türkiyə prezidenti olub. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmayıb.
Mustafa Kamal Atatürk 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlmişdir. 1896-1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunub. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olmuş, Hərbi Akademiyada təhsilinə davam etdirib. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirib. 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət etmiş, 1907-ci ildə adyutant rütbəsi alıb. Daha sonra Manastıra 3-cü Orduya təyin olunub. 1909-cu il aprel ayının 19-da İstanbula daxil olan Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət edib. 1910-cu ildə Fransaya göndərilib, Pikardi manevrlərində iştirak edib. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlayıb.
29 yanvar 1923-cü ildə Lətifə xanımla evlənmiş, bu evlilik 5 avqust 1925-ci ilədək davam edib. Uşaqları çox sevən Atatürk Afət (İnan), Səbihə Göyçən, Fikriyə, Ülkü, Nəbilə, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürmüş, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə alıb.
Soyad qanununa uyğun olaraq 24 avqust 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala "Atatürk" soyadı verilib.
Fransız və Alman dillərini bilirdi.
Qeyd edək ki, 1938-ci il noyabrın 10-u saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB