Bu gün Bayram Bayramovun anım günüdür

Bu gün Bayram Bayramovun anım günüdür

Bu gün nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq yazıçısı, Azərbaycan Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı Bayram Bayramovun anım günüdür. SİA-nın verdiyi xəbərə görə, Bayram Bayramov 1918-ci il dekabrın 11-də Yelizavetpol quberniyasının (indiki Ağdam rayonunun) Şixavənd kəndində əkinçi ailəsində anadan olub. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirib. Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim, Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri, Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri işləyib. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanıb. Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik edib. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq edib. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirib. 1945-1950-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil alıb. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim, radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor, "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyib. Bir müddət yenə bütün qüvvəsi ilə yaradıcılıqla məşğul olub. Dövlətnəşrkomda sədr müavini kimi çalışıb. Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində işləyib. Azərbaycan Yazıçılar Birliyi Şurasının üzvü seçilib.

Bədii yaradıcılığa 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Körpü" adlı ilk hekayəsi ilə başlayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Fəal ictimaiyyətçi, Azərbaycan KP 26 Bakı komissarı rayon Partiya Komitəsinin büro üzvü, Bakı şəhər Sovetinin deputatı və rayon Sovetinin, Müstəqil Azərbaycan Respukliası Milli Məclisinin deputatı olub. "Şərəf nişanı" ordeni, "Xalqlar dostluğu" ordeni, "Böyük Vətən müharibəsi" ordeni, "Qırmızı əmək bayrağı" ordeni, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və medallarla təltif edilib. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunub.

Qeyd edək ki, Bayram Bayramov 1994-cü il noyabrın 9-da Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə