Rasim Ocaqovun xatirə gecəsi keçiriləcək

Rasim Ocaqovun xatirə gecəsi keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı görkəmli kinorejissor Rasim Ocaqovun 80 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, yubiley gecəsi noyabr ayının 22-si Nizami Kino Mərkəzində baş tutacaq.

Gecəyə Rasim Ocaqovun yaradıcılığını sevənlər, rejissorun sənət dostları, ictimai xadimlər çıxışlar edəcəklər. Həmçinin yubiley tədbirində sənətkarın həyatının müxtəlif məqamlarını əks etdirən fotosərgi və sənədli film nümayiş olunacaq.

Nəzərinizə çatdıraq ki, Azərbaycan və SSRİ-nin dövlət mükafatları laureatı, xalq artisti Rasim Ocaqov 22 noyabr 1933-cü ildə Şəkidə anadan olub. 1956-cı ildən kino fəaliyyətinə başlayan rejissor "Onun böyük ürəyi", "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?", "Skripkanın sərgüzəşti" və "Bir cənub şəhərində" filmləri ilə Azərbaycan kinosunda operatorluq sənətinin yaddaqalan nümunələrini yaradıb.

Rasim Ocaqov ilk dəfə rejissor kimi "Gəncəbasarlı qisasçı", ardınca isə "Tütək səsi", "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "İstintaq", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "Təhminə" və "Otel otağı" kimi filmləri çəkib.

Qeyd edək ki, Rasim Ocaqov 2006-cı il iyulun 11-də Bakıda dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə